AFFA-nın keyfiyyətsiz məhsulu YAZI

Ölkədə futbola maraq çox böyükdür. Bunu əksini iddia edənlər özlərini həkimə göstərsinlər. Paytaxtda, rayonlarda minlərlə süni ot örtüklü mini futbol meydançaları var. Hamısı da günün 2-3 saatını çıxmaq şərti ilə dolu olur. Hələ hər həftə oynamaq üçün abunə olanlar da var. Bu kütlə çox olduğu üçün hər gün yeni turnirlər/çempionatlar keçirilir. Tələbat böyükdür və adamlar bu bazardakı kütlədən asanlıqla istifadə edirlər. 
 
Bəs görəsən, hər həftə azı 2-3 manatından keçərək futbol oynamağa gedənlər hansı əsasla pulsuz və ya bileti 1 manata olan çempionat oyunlarını izləməyə getmir? Problemin maliyyə məsələsi olmadığı artıq hamıya bəllidir. Yəni bu ölkədə hamı gündəlik olaraq azı 1 manatı pis vərdişlərə xərcləyirsə (siqarət, içki), bilet də ala bilər. Azərbaycanda futbol oynamaqla izləmək arasında üç əsas fərq var: adrenalin, rəqabət və həzz.
 
Bu proseslərin olmadığı bir futbolu/oyunu/çempionatı heç kim izləmək istəmir. Problem izləyici kütlənin azlığında deyil. Çempionlar Liqasının finalını izləmək üçün paytaxtda məkan axtarışına çıxmışdıq. Ən məhşur olanlardan gündəlik 10-15 adamın getdiyi obyektlərin hamısı ağzına kimi dolu idi. Hələ bəzi məkanlar bundan istifadə edərək masalara 100 manatlıq depozit qiyməti qoymuşdu. Həmin yerlərdə belə boş yer yox idi. Göründüyü kimi futbol oynamağa pul xərcləyən kütlə, izləməyə də vaxt da, pul da tapır. 
 
Bəs görəsən, öz çempionatımızı, komandalarımızın oyunlarını niyə izləmirik. Problem çox sadədir. Çempionat matçlarında adrenalin, rəqabət və həzz çatışmazlığı var. AFFA-nın bazara çıxartdığı mal keyfiyyətsizdir, satılmır.
 
İLKİN SULTANLI




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right