"İstəyərdik ki, dövlətimiz tək "Qarabağ"a yox, bütün klublara kömək etsin"

"Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl U-19 Liqasında "Qarabağ" - AZAL matçını stadiondan izləyib.
 
O, oyundan sonra Ağdam təmsilçisinin U-19 komandasına çempionluq kubokunun təqdim olunma mərasimində iştirak edib.
 
Təqdimatdan sonra Tahir Gözəl newsport.az saytının əməkdaşının suallarını cavablandırıb:
 
- "Qarabağ"ın U-19 komandası da çempion olmasına münasibətiniz...
- Komandanın oyunundan çox razı qaldım. Rəşad Sadıqovu, Qurban Qurbanovu, "Qarabağ" klubunu təbrik edirəm. 19 yaşlılarda da çempion olmaq o deməkdir ki, "Qarabağ" öz infrastrukturuna fikir verir, yerli futbolçulara diqqət ayırır. Bu futbolçular bizim gələcəyimizdi. "Qarabağ"ın gənclərinin də çempion olması çox gözəl haldı.
 
 
- Bu mövsüm "Qarabağ"ın həm 19 yaşılıardan ibarət komandası, həm əvəzedici heyəti, həm də əsas komandası çempion oldu. Uğurlu çıxışın səbəbi nədir?
- "Qarabağ" klubu  bu gün rəhbərliyi ilə, Qurban Qurbanovla, Rəşad Sadıqovla, dinamikliyi ilə, özünə məxsus sistemi ilə qızıl dövrünü yaşayır. İstəyirəm ki, bu qızıl illər çox davam etsin. Hamısı bunun nəticəsidi. Elxan Məmmədovla da söhbətimiz oldu. O da bilidiri ki, AFFA olaraq "Qarabağ"ın sistemindən razıdılar. Bu məndə xoş təəsürat bağışladı. Məncə bütün bunlar düzgün istiqamətdə olduğumuzu göstərir.
 
 
- "Qarabağ"dan Çempionlar Liqasında gözləntiniz nədi?
- Əsas komanda ilə bağlı Qurban Qurbanovla söhbətimiz olub. Yeni transferlərlə bağlı xəbər gözləyirik. Transferlər iki şeydən asılıdı. Birincisi Qurban Qurbanovun fikri, ikincisi isə istədiyimiz futbolçuların klubları ilə maliyyə məsələsindən. Danışıqlarımız davam edir. Yaxın günlərdə məlumat veriləcək. Yaxşı transferlərimizin olacağını güman edirik. İnanıram ki, "Qarabağ" bu il öz təcrübəsindən istifadə edib yaxşı oyun göstərəcək. U-19-lara gəlincə isə, hazırki heyətdə olan futbolçuların çoxusu yaş limitinə görə UEFA Gənclər Liqasında oynaya bilməyəcək. Ona görə də çox çətin olacaq. Çempion olan heyətin Gənclər Liqasında oynaya bilmədiyinə görə bizim üçün əsas olan futbolçularımızın təcrübə qazanmasıdı. 18 yaşında Avropada oynamaq çox müsbət haldı. Futbolçular gələcəkdə bunun nəticəsini görəcəklər. Bu gün çempion olan komanda Avropaya gedə bilsəydi, daha çox ümidli olardım.
 
 
- "Qarabağ" ardıcıl 3 il Çempionlar Liqasının qapısından döndü. Düşünmürsünüz ki, komandanın super transferlərə ehtiyacı var?
- Bütün transferləri büdcəmiz daxilində edirik. Bizim imkanlarımız məhduddu. Azarkeşlərimiz qaçqınlardı. Hətta 1 manatlıq biletin qiymətini 3 manat edəndə etirazlar olur. İnsanların imkanı yoxdu. Biz klub olaraq da büdcəmiz daxilində nə lazımdısa, onu da edəcəyik. Bu sözü verə bilərik ki, "Qarabağ" ötən illərdəkindən zəif olmayacaq. Amma nə qədər güclü olacaq onu deyə bilmərəm. Bir az da şans faktoru var. Məsələn "İnter"lə oyun. Əgər qolumuz qeydə alınsaydı, qrupdan çıxacaqdıq. Biz o qolu vurduq, amma elə bir hakimə rast gəldik, bəxtimiz gətirmədi. Bizim istəyimiz "Qarabağ"ın stabil oyun göstərməsidi. Amma super transferlər gözlənilmir.
 
 
- Qarabağ yaralı yerimizdi. Həm də Azərbaycanı Avropada təmsil edir. Ümumiyyətlə kluba daha da irəli getməsi üçün dövlət səviyyəsində maliyyə dəstəyi olur?
- Biz klub olaraq heç kəsdən yardım istəmirik. Bəli, adımız müqəddəsdi. Adımız bizim davamızdı. Biz bu davada haqlı tərəfik. Qarabağ öz torpağımızdı. Amma tək klub olaraq nəsə istəməyi uyğun görmürük. "Azersun Holding" bizim sponsorumuzdu. Komandanı stabil qaydada maliyyə ilə təmin edir, buna görə də təcili ehtiyacımız yoxdu. Amma biz bütün klublar öz aramızda qərara gəlmişik ki, dövlətə müraciət edək. İstəyərdik ki, dövlətimiz tək "Qarabağ"a yox, bütün klublara müəyyən qədər kömək etsin. "Qarabağ" müstəqil bir təşkilatdı. Ora gələn hər qəpik, manat yalnız "Qarabağ"a xərclənəcək. Dövlətdən kömək olsa, əlbəttə ki, bu standartları yüksəldəcək. Buna şübhə yoxdu. Bu avrokuboklarda inanmıram, amma növbəti il bütün klublara kömək olarsa, mən buna müsbət hal kimi baxaram. Amma bizim üçün heç vaxt bu vacib olmayıb. Kömək olsa da, olmasa da yolumuza davam edəcəyik.
 
Mərdan Həsənov
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right