Robert Prosineçki: "Ümid edirəm ki, o da Avstriyada ümumi kollektivlə məşq edə biləcək"

IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirinin yarımfinalında keçirilən Əlcəzair – Azərbaycan oyununu canlı izləyən futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki matçın fasiləsində jurnalistlərin suallarını cavablandırıb. 

- Millimizin Bakı toplanışı barədə nə deyə bilərsiz?

- Hələlik, tam heyətlə hazırlaşa bilmirik. Hazırlığın ilk günlərindən razıyam. Komanda həvəslə məşq edir. Amma hazırlığın əsas mərhələsi Avstriyada baş tutacaq. Oraya artıq tam heyətlə yollanacağıq.

- Millimiz orada iki yoxlama oyunu keçirməlidi, amma hələ rəqib tapa bilməmisiz...

- Bəli, iki yoxlama oyunu keçirmək istəyirik. Ümid həmişə var. Bu məsələni ən azından orada yerindəcə yoluna qoymağa çalışacağıq.

- Heç kim millimizlə oynamaq istəmir, yoxsa sizin oynamaq istədiyiniz komanda yoxdu?

- Hər komanda ilə qarşılaşmaq istəmirik. Oynamaq istədiyimiz komandalar da Avstriyada olmayacaq. Bu il oraya az komanda gələcək.

- Rəşad Sadıqovun zədəsi nə dərəcədə ciddidi?

- Deyə bilmərəm. Ümid edirəm ki, o da Avstriyada ümumi kollektivlə məşq edə biləcək.

- Çempionatımız çox erkən bitdi. Bəzi oyunçular İslamiadada çıxış edir, bəziləri yenicə məşqlərə başlayır. Bu, Şimali İrlandiya ilə seçmə mərhələ oyunu öncəsi problem yarada bilər?

- Legionerlər öz çempionatlarında oynayırlar. "Qəbələ" və "Qarabağ" da mövsümü o qədər də tez bitirmədi. Buna görə də hansısa problem görmürəm.

- U-23 millimizin İslamiadadakı çıxışını necə qiymətləndirərdiniz? Komandamız bu turnirin qalibi ola bilər?

- Hər şey ola bilər. Komanda heç də pis oynamır, mübarizə aparır. Əlcəzairlə oyunun da ilk yarısından razı qaldım. Finala çıxmaq çətin olacaq. Əlcəzair çox güclüdü.

- Bəs sizin yetirmələriniz niyə Əlcəzairlə oyunu izləməyə gəlməyib?

- Planlarımızı korlamaq istəmədim. Onlar oyunu televizordan izləyirlər. 17:00-da isə məşqimiz var. Qoy istirahət etsinlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right