Əla infrastruktur, gələcəyə hesablanmış addımlar

AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində üçüncü yazımızı bir neçə ildir Azərbaycan futbolunda fəaliyyət göstərən və bu müddət ərzində böyük rəğbət qazanan "Əlincə" klubuna həsr etdik. Fəaliyyət göstərdiyi 7 il ərzində bu klubun əsas komandası olmasa da, uşaq futbolu və sahib olduğu baza ilə özündən söz etdirməyi bacarıb. Bu məqamı nəzərə alıb növbətii yazımızı məhz "Əlincə"yə həsr etmək qərarına gəldik.

 

Fəaliyyətə başladığı müddətdən bəri bu klubun gördüyü işlər futbol ictimaiyyətinin böyük marağına səbəb olub. Atılan addımların ciddiliyi və peşəkarlığına isə söz ola bilməz. Əsas komandadan öncə uşaq futboluna və infrastruktura diqqət ayıran klub rəhbəri Hacı Məhərrəm Novruzov bu illər ərzində istəyinə çatıb desək, yanılmarıq. Biz də yaradılan şəraiti gözlərimizlə gördük. Klubunun bazasına daxil olarkən gördüklərimə yaxşı mənada təəccüblənməmək mümkün deyil. Klubun bazasında beynəlxalq standartlara cavab verən, 13 min azarkeş tutumuna malik olan "Əlincə Arena" və onun yanında yerləşən 5 min tutum olan süni örtüklü stadion yerləşir. Bazada məşq etmək üçün əlavə meydançalar da var. Onların sayı 4-ə bərabərdir. Eyni zamanda, burada futbolçuların məskunlaşması üçün mehmanxana da fəaliyyət göstərir. Bazada futbolçuların tələbatlarını ödəyəcək digər obyektlər də tikilib.

 

 

Biz bazayla tanış olarkən klubun 2 yaş qrupu üzrə komandaları məşq keçirdilər. Fürsətdən istifadə edib həm U-10, həm də U-12 komandasının məşqini izlədik. Hər iki komandanın məşqçisi toplu çalışmalara üstünlük verirdi. Futbolçular iki komandaya bölünərək bir-birilərini topsuz qoymağa çalışırdılar. Görünən o idi ki, tapşırıq kifayət qədər effektli idi. Belə ki, futbolçular həm hücum zamanı topu özündə saxlamağı, həm də müdafiə olunarkən daim pressinq etməyi öyrənirdilər. Hər iki məsələ futbolumuzun bəlalı yerlərindən biridi. Bu problemlərin üzərində işlənilməsi isə sevindirici məqamdır.

 

Məşqi izlədikdən sonra "Əlincə"nin fəaliyyəti ilə bağlı suallarımıza cavab almaq üçün icraçı direktor Ceyhun Abbasovla söhbətləşmək qərarına gəldik. Abbasov öncə klubun yaranması və məqsədləri ilə bağlı suallarımızı cavablandırdı.

 

- Öncə klubun yaranma tarixindən danışardız...

- "Əlincə" klubu 2010-cu ilin aprelin 5-də şirkətimizin rəhbəri Hacı Məhərrəm Novruzov tərəfindən yaradılmışdır. Klubun yaranması səbəbi Məhərrəm müəllimin futbola olan sevgisi ilə əlaqədardı. Özünüz də bunun nəticəsini görürsüz.

 

- Klub yaradılarkən məqsəd-amal nə idi?

- Biz fəaliyyətələ başlayarkən uşaq futbolu ilə start verdik. Məqsədimiz o idi ki, bu uşaqları 17-18 yaşına çatdırıb əvvəlcə Birinci divizionda, sonra isə Premyer Liqada oynayaq. Məqsədimiz bu idi.

 

- Artıq klubun fəaliyyətə başlamasıından 7 il keçsə də, əsas komandanı görmürük. Bu nə ilə əlaqədardı?

- Əsas komanda olacaq. Mən düşünürəm ki, yaxın gələcəkdə, gələn il. Çox çəkməz bu illərdə əsas komandamız olar. Bildiyiniz kimi, klubunun sponsoru Hacı Məhhərrəm Novruzovdur. Biraz maliyyə ilə bağlı müəyyən sıxıntılarımız, problemlərimiz oldu. Düşünürəm ki, hər şey düzələcək.

 

 

İcraçı direktorla daha sonra klubun infrastrukturu və uşaq futbolu ilə bağlı söhbət etdik.

 

- Bazanızla və oradakı şəraitlə tanış olduq. Bunların qurulması sizə hansı zəhmətlə başa gəlib. Bu barədə də danışardız...

- Bu nailiyyətlərin hamısı Məhərrəm müəllimin əziyyətinin sayəsində yaranıb. Onun futbola, idmana, vətənə, millətə, millətin övladlarına olan sevgisi ilə əlaqadardı. Biz bütün əziyyəti bu insanla bağlayırıq. Bu onun futbola olan həvəsidi. Siz bu barədə məlumatlısız. Bizdə elə oyunçular var ki, U-19 millisinə qədər dəvət alıblar. Yaşları çatmasa belə, Premyer Liqada oynayırlar. Bizim yetirmələrdən Turan Vəlizadə "Fənərbaxça"ya çağrılıb. Qara Qarayev də vardı (red - "İnter"in futbolçusunu nəzərdə tutur).

 

- Klubunuzda neçə yaş qrupu üzrə komandalar var?

- Hal-hazırda 4 yaş qrupunda komandamız var. Onlardan 3-ü çempionatlarda (red - AFFA-nın keçirdiyi turnirləri nəzərdə tutur) iştirak edir. Çalışırıq ki, mövsüm bitdikdən sonra seleksiya toplanışı təşkil edib aşağı yaş qrupları üzrə 5-6 komanda yaradaq. Bildiyiniz kimi, Premyer Liqada iştirak etmək üçün bütün komandalar olmalıdı. Biz də buna hazırlaşırıq.

 

- "Əlincə"nin aşağı yaş qruplarının ölkədaxili turnirlərdə nə kimi uğurları var?

- Bizim U-15 komandamız keçən il ikinci oldu. Hazırda həmin komanda "Vətən"ə verilib, U-17 liqasında çıxış edir. Başqa bir komandamız da ikinci oldu. Finalda bəzi çatmışmazlıqlarmız və problemlər oldu. Bununla belə, yaxşı nəticələrimiz olub.

 

- Komandalarınız beynəlxalq yarışlarda iştirak ediblərmi?

- Bəli. "Əlincə"nin yaranmasından bir-iki il keçdikdən sonra gördüyünüz kimi (red - mükafatları göstərir) Gürcüstanda, Ukraynada, Belarusda nəticələrimiz olub.

 

- Bu vaxta qədər "Əlincə" çox sayda futbolçu yetişdirib. Klubunuz onların daha yaxşı yerlədə olması üçün nələr edib? Bildiyiniz kimi ölkədə klub sayı elə də çox deyil. Onların gələcəyi üçün hansı klublarla əməkdaşlıq edirsiz?

- İnkişaf üçün birinci növbədə lazım olan baza şəraitidi. Bizim də şəraitimiz şükürlər olsun ki, çox yaxşıdı. Əməkdaşlıq etdiyimiz klublar var. Onlarla münasibətlər yüksək səviyyədədir. Lazım olanda məsləhətləşirik, lazım olanda oyunçu götürürük. Uşaqların inkişaf etməsi üçün əlimizdən nə gəlirsə, edirik.

 

- Siz bayaq seleksiya xarakterli toplanışlardan danışdız. Bəs bölgələrdən futbolçular seçirsinizmi?

- Bizim bazamızın bir hissəsi "Şabran" rayonunda yerləşir. Orada hər cür şəraitimiz var.Bizim rəhbərimiz şəxsən tapşırıb ki, Premyer Liqada oynasaq, kənardan futbolçu gətirməyəcəyik. Sırf yerli futbolçularla oynayacağıq.

 

- Bölgələrdən gələn uşaqların burada qalması üçün şərait varmı?

- Bəli, hər cür şəraitmiz var. Onların burada qalması üçün hər cür imkanımız var. Bura futbolçuların yetişdirilməs üçün əlverişli regiondur. Yaxında duz gölü yerləşir. Onun böyük üstünlüyü var, hava təmiz olur. Bir də futbolçuların qidalanması üçün özümüzün şəraiti var. Uşaqların yeməkləri təbiidi. Mağazadan heç nə almırıq.

 

- Özünüz də təsiqləyərsiz ki, təhsil vacib məsələdir. Uşaqların təhsili ilə bağlı məsələ nə yerdədi?

- Təhsillə bağlı şəraitimiz də yüksək səviyyədədir. Bir məktəbimiz var. Biri də tikilib yaxın günlərdə istifadəyə veriləcək. Həmin məktəb bazamızdan 20 metr aralıdadı. Təhsillə bağlı heç bir problemimiz yoxdur.

 

- Uşaqların təhsili ilə yaxından maraqlanırsızmı?

- Əlbəttə, təhsil hər şeydən önəmlidi. Biz futbolçudan əlavə insan yetişdiririk. Azərbaycanı sevən, ağıllı-şüurlu insan yetişdirməliyik, yetişdirməkdəyik də. Bizim nəzarətimiz ilkin olaraq elə onun üzərindədi. Uşağın savadı, təhsili olmalıdı. Futbol sonrakı plandadı.

 

- Siz əziyyət çəkib futbolçu yetişdirirsiz. Bunun əvəzin alırsınızmı? Söhbət onların başqa klublara transferindən gedir...

- Bilirsiz ki, bu boyda infrastrukturu yaratmaq asan məsələ deyil. Biz ilk növbədə rəhbərliyimiz və öz adımızdan ölkə prezidentinə təşəkkür edirik. Onun idmana qayğısı nəticəsində biz bu işləri görmüşük. Bunların qarşılığı olaraq bizim istəyimiz odur ki, futbolçu yetişsin. Biz hər hansı maddi maraq güdmürük. Bizə nəticə lazımdı. İnşallah bunu görərik. Klub olaraq bizim heç kimdən narazılğımız yoxdu. AFFA rəhbərliyinə minnətdarlığımızı bildirirk. Biz çalışacağıq ki, gələn il, ya da qarşıdakı il istədiyimiz nailiyyətləri əldə edək. Gördüyünüz kimi hər cür şəraitimiz var. Problemlər də yaxın zamanda həllini tapacaq.

 

 

Ceyhun bəylə söhbətimiz bitdikdən sonra yenidən stadiona qayıtdıq. Komandaların məşqi başa çatdığından məşqçilərdən biri ilə söhbətləşmək qərarına gəldik. Həmsöhbətimiz U-10 komandasının baş məşqçisi İlkin Hacıyev oldu. O, öncə özü və komandası barədə məlumat verdi:

 

"2014-cu ildən bəri "Əlincə" futbol akademiyasında fəaliyyət göstərirəm. Həmin ildə bizə 2007-2008-ci illər təvəllüdlü uşaqların valideynləri müraciət edirdilər. Rəhbərlik bizə bildirmişdi ki, onlar bir neçə ildən sonra U-10 liqasında çıxış edəcəklər. Biz keçən mövsüm Azərbaycan çempionatında çıxış etdik".

 

Gənc mütəxəssis ardınca "Əlincə" rəhbərliyinin uşaq futboluna olan diqqətindən danışdı:

 

"Çalışdığımız qədər futbolun sirrlərini uşaqlara öyrədirik. Şükürlər olsun ki, "Əlincə"nin yetirməsi olan futbolçular var ki, başqa klublarda, yüksək liqada çıxış edirlər. Milli komandalarda da oynayan futbolçularmız var. Əlimizdən gələni edirik ki, bizdən yaxşı futbolçular yetişsin. Ötən il üç komandamız aşağı yaş qrupları üzrə liqalarda çıxış etdi. Mənim rəhbərlik etdiyim U-10 komandası isə 1/2 finala qədər irəlilədi. 106 komanda arasında ilk dördlüyə düşdük. Bu o deməkdi ki, "Əlincə" klubunda uşaq futboluna böyük dəstək var. Rəhbərliyimiz Hacı Məhərrəm Novruzovun, fəxri prezidentimiz Elşən Kərimovun və icraçı direktorumuz Ceyhun Abbasovun etimadını doğrultmağa çalışmışıq".

 

 

Hacıyev bildirdi ki, uşaqlarla hərtərəfli məşğul olurlar:

 

"Uşaqlarla tək futbol baxımından məşğul olmuruq. Onlarla psixologiya ilə bağlı söhbətlər edirik. Tez-tez onların məktəbləri və sinif rəhbərləri ilə əlaqə saxlayırıq ki, futbol onların təhsilinə böyük problem olmasın. Təhsil elə bir şeydi ki, onların düşüncəsində böyük rol oynayır. Valideynlər sağ olsunlar, bizə etimad göstərirlər.

 

Məşqlərimizdə futbolçuların təməlini düzgün qurmağa çalışırıq. Uşaqlara düzgün futbol oynamağı öyrədirik. Onlar sabah milli komandada, başqa klublarda və yüksək liqalarda oynayanda bizim üçün böyük uğur olacaq. Artıq mövsüm başa çatıb. Məktəblər bağlanana qədər uşaqlarla müəyyən işlər görüləcək. İstirahətdən qayıtdıqdan sonra isə yeni mövsümün hazırlıqlarına başlayacağıq".

 

O, sonda "Əlincə" klubunda uşaq komandalarından nəticə tələb edilmədiyini də söylədi:

 

"Burada bir neçə yaş qrupu üzrə komandalar var. Mən və digər məşqçilər çalışırıq ki, rəhbərliyin etimadını doğruldaq. İnşallah qarşımıza qoyduğumuz məqsədlərə çatarıq. Biz nəticələr üçün oynamırıq. Nəticələrimizin olmasını əlbəttə istəyərdik. Kimiz istəməz ki, qızıl, gümüş medal boynundan taxılmasın? Amma bu gün bizə uşaqlara düzgün futbolu öyrətmək lazımdı. İnşallah öz istəyimizə çatarıq. Uşaqlar buraya öz istəkləri ilə gəlir. Valideynlərin də böyük ümidləri var. Onlar həm bizə, həm də klub rəhbərliyinə böyük etimad göstərirlər. Çalışacağıq ki, nə qədər bu klubda varıq, nə qədər bu klubda fəaliyyət göstərərik, yaxşı futbolçular yetişdirək".

 

Bütün bunlar illərdir ölkə futboluna xidmət edən klubun içərisindən bir saatlıq reportajdan idi. Neçə müddətdi ölkə futboluna faydalı olmağa çalışan bu klubun yaratdıqları əsl nümunə və örnəkdi. Azərbaycanlı futbolçuların inkişafına xüsusi diqqət ayıran klub rəhbərliyinin bu ideyası dəstəyə layiqdi. Səbrlə, heç bir qarşılıq ummadan görülən bu işlərin qarşılığı meydanda göstərilən nəticələrlə verilməlidi. Ölkə futbolunda klub sayı baxımından böhran yaşandığı vaxtda belə infrastruktura və futbol akademiyasına sahib olan "Əlincə"ni tezliklə Premyer Liqada görmək maraqlı olardı. Ümid edirik ki, Masazıra növbəti səfərimiz bu klubun əsas komandasının məşqindən və ya oyunundan reportaj hazırlamaq olacaq.

 

 

 

Sportarena.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right