Şahin Diniyev açıqladı: "Kəpəz"də növbəti ayrılıq

"Kəpəz"dən ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib. 

Newsport.az-ın məlumatına görə, gənclərdən ibarət milli komandamızın üzvü Orxan Əliyev "sarı göylər"in sıralarını tərk edib. Komandanın baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında bildirib ki, gənclərdən ibarət millimizin üzvü ölkə xaricindən təklif aldığı üçün "Kəpəz"dən ayrılıb:

"Açıq deyim ki, bizim bu futbolçu ilə müəyyən fikir ayrılıqlarımız var. Orxan bizə “ola bilsin xaricdən təklifim oldu” deyə bildirib. “Kəpəz” yerli futbolçularımızın legioner həyatı yaşamasında maraqlıdır və bununla bağlı heç vaxt hansısa futbolçuya əngəl yaratmayacaq. Bizə nə qədər lazımlı futbolçu kimi müqaviləsi olsa belə onun xaricə yollanmasına şərait yaradacağıq. Oyunçumuzun əcnəbi klublarda oynaması futbolumuzun inkişafına xidmət edir. Biz yalnız “Kəpəz” üçün yox, həm də ölkə futbolunun inkişafına çalışırıq. Hazırda Orxan İslamiadada çıxış edən yığmanın heyətindədir. Onunla danışıqlarımızda bəzi qaranlıq məsələlər oldu. Belə ki, mən ona fikrini dəqiqləşdirmək üçün vaxt verdim. Düzü, çox da gözləyə bilməzdik. Ona görə də halallıq verib ayrıldıq. Orxanın “Kəpəz”ə çox xeyri dəyib. Öncədən də dediyim kimi onu MOİK-dən dəvət edəndə ağır əməliyyatdan sonra zədəsini sağaltmaqla məşğul idi, əziyyət çəkirdi. Əliyevin potensialını bilirdim və bu səbəbdən də komandaya götürmüşdüm. İndi əgər o, inkişafını xarici və ya iddialı yerli klubda görürsə, buna mane ola bilmərik. Fikrinə hörmətlə yanaşırıq, uğurlar arzulayırıq. Belə futbolçunun itirmək məşqçi üçün çətindir. Sistemdə olan oyunçunu başqası ilə əvəz etmək vaxt aparacaq. Amma biz buna hazırıq. Rəhbərliyə də Orxanın qərarı ilə bağlı məlumat verib bildirdim ki, o, seçim edə bilmir. Biz isə transferdə tələsməliyik. Çox istəyirəm ki, Orxan böyük futbolçu olsun".

Qeyd edək ki, Orxan Əliyev ötən mövsümdən "Kəpəz"də çıxış edirdi. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz