Zaur Axundov: "İnter"in heç bir sponsoru yoxdu, bütün maliyyəsi AFFA-dandı"

Azərbaycan Futzal Federasiyasının prezidenti, “İnter” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov müsahibə verib.

Newsport.az həmin müsahibəni təqdim edir. 

- Futzal millimiz baş məşqçi dəyişikliyindən sonra Avropa çempionatına vəsiqə qazandı. Biro Jadenin işini necə dəyərləndirirsiniz?

- Baş məşqçimiz Miltinyonun gedişi gözlənilməz oldu. Amma o komandanı formalaşdırmışdı. Biro isə komandanın səviyyəsini qoruyub saxlaya bildi, qoymadı formadan düşsünlər. Şadıq ki, birinci yeri tutub 5-ci dəfə AÇ-nin final mərhələsinə vəsiqəni əldə etdik. Komanda indi istirahətdədir. İyul ayının əvvəlində millimiz də, “Araz” klubu da yığışacaq. Çünki həm Çempionlar Liqasına, həm də AÇ-yə hazırlaşmaq lazımdı. 

-  Yeni baş məşqçi gələcək, yoxsa yola Biro Jade ilə davam edəcəksiz?

-  Baş məşqçi məsələsini ilə həll etməyə çalışırıq. Biro Jade ilə də danışırıq, siyahıda digər məşqçilər də var. Komandaya layiq olanı ilə anlaşmaq fikrindəyik. Bu ayın sonuna qədər bu məsələ həllini tapmalıdı. 

-  Siyahıda olanlar yeni məşqçilərdir, yoxsa millimizdə işləmiş keçmiş məşqçilər də var?

- Yox, hamısı yenidi. Bu bir sirrdi. Amma köhnə baş məşqçilərdən də kiminləsə danışa bilərik. Hər halda ayın sonuna kimi bunu yekunlaşdıracağıq. Biro Jadenin baş məşqçi kimi təcrübəsi azdır. Ona məsləhət gördük ki, pro kurslarında iştirak etsin. Düşünürəm ki, ona bir neçə il köməkçi kimi işləmək lazımdı. Ondan sonra klubda baş məşqçi kimi işləyə bilər. Bütün bu mərhələləri keçməlidir ki, hər hansı milli komandanın başına gətirilsin. Gəncdir, istedadı var və gələcəkdə uğurlu ola bilər. 

- Avropa çempionatına artıq 5-ci dəfədi ki, vəsiqə qazanırıq. Bu dəfə hədəf nə olacaq?

- Təbii ki, bundan əvvəlki iştirak etdiyimiz turnirlərdən fərqli daha yaxşı nəticə üçün oynayacağıq. Komandanın qarşısına hədəf olaraq ən azı yarımfinala çıxmaq qoyulacaq. Çünki artıq daha uğurlu nəticə qazanmaq zamanıdı. 

- İcraiyyə Komitəsinə seçilməyinizdən danışaq. Ümumiyyətlə, seçilməyiniz bir az gözlənilməz oldu...

-  Futzal da futbol ailəsinə aiddi. Naxçıvanda Azərbaycan kubokunun finalı əla keçirildi. Təşkilatçılıq yüksək səviyyədə idi. Final bayrama çevirilmişdi. Tribunalar dolu idi, bayram ab-havası var idi. İcraiyyə Komitəsində görüləcək işlər çoxdu. Yeni mövsümə hazırlaşırıq. Müzakirələrimiz çox olacaq. Hər şey qaydasındadı.

- Futbolla futzalı müqayisə etsək, hansı daha çətindi? 

-  14 ildir ki, futzalın içindəyəm. Bu idman növü mənə daha doğmadır, təcrübəm də çoxdu. Bizi dünyada da, Avropada da tanıyırlar. Futbol mənim üçün yeni addımdı. Bura bir az fərqlidi. Çünki daha böyük əhatə dairəsinə sahibdi. İstəyirəm ki, burda da uğur qazanım. Düzdür, çətindir, amma əlimizdən gələni edəcəyik. 

- “İnter”in Müşahidə Şurasının sədri vəzifəsinə gəlişiniz də sürpriz oldu...

-  “İnter”də müəyyən problemlər var idi. Beynəlxalq Bank tam şəkildə komandadan imtina etdikdən sonra idarəçilik AFFA-ya etibar olundu. “İnter” tarixi iddiaları olan komandadı. AFFA rəhbərliyi də bu vəzifəni mənə həvalə etdi. Ümid edirəm ki, etimadı doğruldacam. 

-  Komandaya gəldikdən sonra iclas keçirdiniz. Həmin iclasda sponsorluq məsələləri müzakirə olundu?

-  Həmin iclas tanışlıq xarakteri daşıyırdı. Vəziyyət burada heç də ürəkaçan deyildi. Çünki FİFA bizə növbəti ilin yanvar ayına qədər transfer qadağası qoyub. İclasda da söhbətimiz bunun üzərində qurulmuşdu. Komandanın özəyini qoruyub saxlamaq lazım idi. Futbolçularla danışdıq və onlar bizim çağırışımıza dəstək oldular, komandada qaldılar. Bir-iki futbolçu var idi ki, onlar artıq başqa komandalarla müqavilə bağlayıb. Bu oyunçuları geri qaytara bilmədik. Əlimizdə olan heyətlə Avropa Liqasında oynayacağıq. Əvəzedici komanda ilə də söhbətimiz olacaq. Əsas komandanın arxasınca gələn ikinci heyətdi. Mərhələ-mərhələ işlər görürürük. Məqsədimiz komandanın dağılmaması idi. Onu qoruyub saxlaya bildik. Amma futbolçularımıza təklif həddən çox idi. Oyunçular isə bizi başa düşdü. Hər gedən futbolçu “İnter”ə zərbədi. Həmin klublar da bizi başa düşdü. 

-  Gedən futbolçular kimlərdir?

-  Abbas Hüseynov və Səlahət Ağayev komandadan gediblər. Səlahət Ağayev “Neftçi” ilə, Abbas Hüseynov isə “Qarabağ”la anlaşıb. Mən kluba gələndə onların məsələsi bitmişdi. 

- Sponsorlarla tapmağa çalışırsınız, yoxsa klubun maliyyəsi AFFA-dan olacaq? 

-    Heç bir sponsor yoxdu, klubun bütün maliyyəsi AFFA-dandı. Hələlik belə idarə edəcəyik. Hər hansı yenilik olsa, mütləq sizə xəbər verəcəyik. 

- Futbolçuların verilməyən maaşları var idi və onlar dəfələrlə buna görə etiraz edirdilər...

-  Təlim-məşq toplanışı başlayana qədər həmin problemləri həll edəcəyik. 

- Legionerlərə təklif göndərmisiniz?

-  Mən kluba gələndə onlar ölkəni tərk etmişdilər. Amma hamısını heyətdə saxlamaq istəyirik. Onlara rəsmi təkliflər göndərəcəyik. 

-  Futbolda futzala nisbətən uğur qazanmaq üçün daha çox maliyyəyə ehtiyac var. Amma “İnter”də vəziyyət heç də ürəkaçan deyil...

-  Hələlik hədəfləri kənara qoymaq lazımdı. Bu dəqiqə əsas məqsəd komandanın qorunub saxlanılmasıdı. Özünüz də hazırkı vəziyyəti bilirsiniz. Düzdür, Avropa Liqasında uğurlu çıxış etmək istəyirik. Amma bunun üçün komandanın əsasını qurmaq lazımdır. Hədəflərdən isə sonra danışarıq. Əvəzedici heyəti də formalaşdırmaq lazımdır. Çünki onlar da bizə mövsüm ərzində lazım olacaq. Yəni bu dəqiqə tək hədəf komandanı yerə yığmaq lazımdı. Zamanla hədəflərimiz olacaq, uğurlu çıxışı düşünəcəyik. Qadağa aradan qalxdıqdan sonra yeni transferlər də olacaq. 

- Komanda mayın 25-də toplanıb ölkədə hazırlıq keçəcək?

- Mayın 25-də toplanıb 10 gün ölkədə hazırlaşdıqdan sonra xaricə yollanmaq fikrindəyik. İyunun 6-dan 19-a qədər ölkədən kənarda hazırlaşacağıq. Türkiyə, Avstriya və ya Sloveniyaya yollanacağıq. Bu 3 ölkədən biri olacaq. Seçim daha çox komandanın harda olacağı ölkədən asılıdır. 4 yoldaşlıq görüşü planlaşdırırıq. 29-u ilk oyunumuzu keçirəcəyik. 19-u qayıdıb qalan bir həftəni ölkədə hazırlaşacağıq. 

-  Azərbaycan çempionatının bugünki durumunu ürəkaçan adlandıra bilmərik. Sizcə, daha güclü liqa olması üçün nə etmək lazımdı?

- Bilirsiniz ki, futbolun başında maliyyə dayanır. Yəni yüksək maliyyə hər zaman daha güclü çempionatın olması deməkdi. Amma bugünki liqanı zəif adlandırmazdım. Çünki liqada rəqabət var. Tarixdə hər zaman nəticə qalır. Klublarımız Avropa Liqasında qrup mərhələsinə düşürlər, uğur əldə edirlər. Millimiz də seçmə mərhələyə başlayıb. Qrupumuzda olan komandalar artıq bizə ciddi rəqib kimi baxırlar. Onlar 10 il öncə bizə çox zəif komanda kimi baxırdılar. Ən azından rəqiblərimiz bizdən 1 xal almaq üçün də oynayırlar. 

- Amma infrastruktur baxımından stadionlarda problemlər böyükdü...

- Sizinlə razı deyiləm. Premyer Liqada oynayan komandaların çoxunun bazası var. “Qarabağ”, “Qəbələ”, “İnter”in öz bazası var. Bu böyük uğurdu. Yaxşı stadionlarımız var. Uşaq futbolunun da inkişafına şərait yaradılır. Bir qalır ki, aşağı yaş qruplarından başlayaraq işləri düzgün qurmaq. 

- Azərbaycan Premyer Liqasının növbəti mövsüm üçün taleyi həll olunub? 

-  Hələ ki, müzakirələr gedir. Mayın 12-də İcraiyyə Komitəsinin iclası olsun. Məncə, 8 komandalı çempionat pis deyil. Komandalar arasında ciddi rəqabət var idi. Derbilər tez-tez olurdu. Fikrimcə, növbəti mövsüm daha gərgin keçəcək. 

- Birinci diviziondan 3 komandanın adı hallanırdı ki, Premyer Liqaya vəsiqə qazanacaqlar. Amma AFFA-nın baş katibi Elxan Məmmədov 1 komandanın gələcəyini bildirdi...

- Bu barədə heç bir məlumatım yoxdu. Çünki başım “İnter”ə qarışıb. İcraiyyə Komitəsinin iclasından sonra bu məsələyə aydınlıq gələcək. 

- Son sual: AZAL klubunun dağılmaması və yenidən Premyer Liqaya qayıtması mümkündü?

-  AZAL dağılmayacaq. Bu sevindirici haldı. Çünki onların əla bazası var. Birinci divizionda da olsa, qalmaqları yaxşıdır. Mənim onların baş məşqçisi Tərlan Əhmədova hörmətim var. O, hələ “Neftçi”də işləyərkən xoşuam gəlirdi. Ümid edirəm ki, Premyer Liqaya da dönəcəklər. (qafqazinfo.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right