Əsgər Abdullayev: "Turan Tovuz" Premyer Liqaya buraxılmayacaq" MÜSAHİBƏ

"Turan Tovuz" birinci divizionun çempionu olsa da, Premyer Liqaya buraxılması sual altındadır.  Klub hələ ki, elitada çıxış etmək üçün lazım olan sənədləri AFFA-ya təqdim etməyib.

 

Newsport.az-ın məlumatına görə, Qol.az saytı bununla bağlı komandanın baş məşqçisi Əsgər Abdullayevlə danışıb. O, üzərinə düşən işi gördüyünü deyib.

 

- "Turan Tovuz"un aqibəti necə olacaq?

- Bundan sonrası rəhbərliyin işidir. Bildiyimə görə, komanda Premyer Liqaya buraxılmayacaq.

 

- Rəhbərlik bu barədə nə deyir?

- Deyirlər guya həll olunmalıdır. Açığı, rəhbərlikdən heç nə soruşmamışam. Mən də siz bildiyiniz qədər bilirəm.

 

- "Turan Tovuz"a Rusiyada yaşayan iş adamı İlham Rəhimovun sponsorluq edəcəyi deyilirdi.

- Mən də eşitmişdim. Elə deyirdilər. Ancaq elə söz olaraq da qaldı. Hələ ki, bir yenilik yoxdur. Yəqin ki, nəsə olsa, rəhbərlik mənə xəbər verəcək. Hazırda real heç nə yoxdur.

 

- Komandanızın Premyer Liqada iştirakını əngəlləyən əsas səbəb nədir?

- Mənə deyirlər ki, hər şey öz qaydasındadır, yalnız bank təminatı qalıb.

 

- Yəni problemin nə vaxt yoluna qoyulacağı ilə bağlı sizə də dəqiq söz deyilmir.

- "Olmalıdır", "olacaq" - bu cür sözləri eşidirəm. Ancaq real işləri görmürəm. Ortalıqda bir şey yoxdur. Bunlar mənim səlahiyyətimdə olan işlər deyil. Ona görə də bir şey edə bilmirəm. Mənə də gözləmək qalır.

 

- Komanda Premyer Liqaya buraxılmasa, yenidən I divizionda çıxış edəcək?

- Onu dəqiq bilmirəm. Divizionda son oyunumuzdan sonra Bakıya gəlmişəm. Komanda haqda siz eşitdiyiniz sözləri mən də eşidirəm. Rəhbərlik nə qərar verəcək bilmirəm.

 

- Öz işinizlə bağlı nə düşünürsünüz?

- Əslində "Turan Tovuz"a qayıtmağa marağım yoxdur. Birinci yerdən yuxarıda başqa yer yoxdur. Biz bunu bacarmışıq. Çempionluğu bütün futbolçularla, məşqçilər korpusu ilə birlikdə əldə etmişik. Qarşımıza qoyduğumuz məqsədə çatdıq. Ancaq istədiyimiz tam həyata keçmədi. Biz Premyer Liqada oynamaq istəyirdik. Yeni bir maraq, istək olardı.

 

- AFFA-nın baş katibi Elxan Məmmədov növbəti mövsüm Premyer Liqada 8 komandanın olacağını bildirib. Buna münasibətiniz necədir?

- Ən azı 10 komandanın olmasını istəyərdim. Amma gərək komandalar da Premyer Liqada oynamağa hazır olsunlar. Təbii ki, 8 komandalı çempionatın səviyyəsi o qədər yüksək ola bilməz. Ancaq günümüzün geçəkliyi budur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right