“Qəbələ” sanki yatmışdı” - Rəşad Sadiqov

“Ağır mübarizə oldu. Çempiona qarşı oynayırdıq. “Qarabağ” eyni zamanda ölkə kubokunun son sahibi idi”.

Newsport.az-ın məlumatına görə, bu fikirləri “Qəbələ”nin vitse-kapitanı Rəşad Sadiqov Azərbaycan Kubokunun finalında "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmadan keçirdiyi birifinqdə deyib. 34 yaşlı yarımmüdafiəçi oyunlarından narazı qaldığını söyləyib: “İkinci hissədə komandada nəsə çatmırdı, sanki “yatmışdıq”.

Bəzi epizodlarda “ayılırdı”, amma ümumilikdə arxadan komanda “yatmış” kimi görünürdü. Özümüz də səbəbini bilmirik. Məncə, səbəb “Qarabağ”ın üstün oyun göstərməsi idi. Bizə oynamağa imkan vermədiklərinə görə qələbə qazandılar”.

Rəşadın fikrincə, həddindən artıq motivasiya bəzi futbolçuların zəif çıxışına səbəb olub: “Futbolçular matçdan öncə çox istəkli idilər. Ola bilər ki, bəzirləri həddindən artıq motivasiyaya görə özlərini “yandırdılar”. Bu da onu göstərir ki, daxildə “yananda”, meydanda istədiyini edə bilmirsən”.

Komanda yoldaşı Ürfan Abbasovun avtoqola imza atmasına da münasibət bildirən Sadiqov  bunu onun təcrübəsizliyi ilə əlaqələndirib: “Ürfan gənc futbolçudu. İlk dəfədi kubokun finalında iştirak edirdi. Həyəcanlı, stressli ola bilərdi. Bu cür hallar hər bir futbolçunun başına gələ bilər. Belə vəziyyətdə futbolçuya özünə gəlməsi üçün dəstək olmaq lazımdı”.

Mövsümü dəyərləndirən Rəşad ölkədaxilindəki nəticələrə görə üzüldüklərini bildirib: “Mövsüm bir tərəfdən yaxşı, digər tərəfdən pis keçdi. Avropa Liqasının qrupuna düşməyimiz yaxşı hal oldu. Bununla Azərbaycanı, “Qəbələ” azarkeşlərini sevindirdik. Amma digər tərəfdən həm çempionluğu, həm də kuboku qazanmamağımız pis oldu. Bu, bizim üçün çox üzücü idi”.

Təcrübəli futbolçu “Qəbələ”də qalıb-qalmayacağına rəhbərliklə görüşün ardından aydınlıq gələcəyini deyib: “Kubokun final matçınadək heç kimə yeni müqavilə təklif olunmamışdı. Mənə elə gəlir ki, bu matçdan sonra rəhbərlik hamı ilə danışacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right