“Bunu təxmin etmək çətindir” - Qurban Qurbanov

Sabah Azərbaycan kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov müsahibə verib.

Newsport.az həmin müsahibəni təqdim edir:

- Komandanız ölkə kubokunun finalına hazırdımı?

- Demək olar ki, hazırdı. Mövsümün sonundu. Hamı istəyir ki, mövsümü bitirsin, istirahətə getsin. Futbolçular hazırlaşırlar, pis deyillər.
 
- Heyətlə bağlı nəsə problem var, yoxsa bütün futbolçular sərəncamınızdadı?

- Sabah tam bilinəcək. Mövsümün sonu olduğundan, istər-istəməz yorğunluq, mikro zədələr var. Düzdü, həmin futbolçular da məşqdə olublar. Amma qəti qərarı sabah verəcəyik. Heyətdə 1-2 dəyişiklik ola bilər.

- Kimi daha şanslı sayırsınız: “Qarabağ”ı, yoxsa “Qəbələ”ni?

- Hər iki komandanın şansı eynidi. Bu, final matçıdı, hadisələrin necə cərəyan edəcəyini təxmin etmək çətindi. Bir-birimizə tanış rəqibik. Hər bir nəticə qeydə alına bilər.

- Cari mövsümdə “Qəbələ” ilə 4 dəfə qarşılaşmısınız ki, bu oyunlardan 2-də “Qəbələ”, 1-də “Qarabağ” üstün olub. Finaldan öncə bu məqam sizi narahat etmir?

- Əlbəttə, aramızdakı matçların nəticəsinə fikir vermişik. Rəqibin oyunlarına baxıb, təhlil etmişik. Amma ümumən bu məsələ bizə çətinlik yaratmayacaq. Çünki çempionat və ölkə kuboku tam fərqli turnirlərdi. Xüsusən də, final fərqli olur, çünki 1 oyundan ibarətdi. Bu görüşə çempionat matçlarındakı nəticələri düşünməyərək hazırlaşırıq. Ən doğrusunu etməyə çalışacağıq. Əlbəttə ki, çox güclü rəqiblə qarşılaşacağıq. “Qəbələ” həddindən artıq istəklidi ki, titul əldə etsin. Bizim üçün ağır matç olacağını bilirik. Bununla belə, azarkeşlərimizi sevindirməyə çalışacağıq. Onlar hər iki komandanın ifasında yaxşı oyunun şahidi olacaqlar.
 
- “Qəbələ” çempionluq mübarizəsində “Qarabağ”dan geri qaldığı üçün bu oyuna revanş istəyi ilə çıxacaq. Rəqibin baş məşqçisi Roman Qriqorçukdan taktiki mənada sürprizlər gözləyirsiniz?

- Mən bunu daim gözləmişəm. Dəfələrlə demişəm ki, “Qəbələ”nin yaxşı baş məşqçisi var. Çox istəklidi və həmişə nəticə üçün oynamağı bacaran, düşünən məşqçidi. “Qəbələ” ilə qarşılaşanda bəzən düşünmədiyimiz halla rastlaşıb, çox yeniliklər görmüşük. Yəqin ki, sabah da bunun şahidi olacağıq. Ola bilər ki, kənardan hiss olunmasın. Amma biz meydanda dəfələrlə bunu görmüşük və qarşısını almağa çalışmışıq.

- Naxçıvan stadionunun ot örtüyü ideal vəziyyətdə deyil. Bu sizə nə dərəcədə problem yarada bilər?

- Hər iki komanda topla oynamağı xoşlayır. Problem yaransa, hər iki komanda üçün eyni olacaq. Fikrimcə, meydançanın durumu bir o qədər də pis deyil.
 
- Futbolçulardan kimləri saxlayıb, kimləri göndərəcəyinizi tam olaraq müəyyənləşdirmisiniz?

- Bu görüşdən sonra 4-5 gün ərzində işlərimizi tamamlayacağıq. İndi nəsə deməyim düz çıxmaz. Hamısı bizim oyunçularımızdı. Çalışacağıq ki, verdiyimiz qərarlar bütün futbolçular üçün yaxşı olsun.
 
- Bu günlərdə mətbuatda “Qarabağ”ın futbolçusu Elvin Yunuszadənin içkili vəziyyətdə yol polisi ilə mübahisə etdiyi haqda xəbər yayılmışdı. Bu nə dərəcədə doğrudu?

- Mətbuatda doğru olmayan xəbərlər də çıxır. Bəzən hər hansı işlə bağlı mən də gecə saat 1-2 radələrində maşınla şəhərdə oluram və məni də yol polisi qanuni olaraq saxlayır. Bu o demək deyil ki, mən, Elvin və ya başqası polis üçün problem yaradırıq. Birincisi, bununla bağlı bizə məlumat gəlməyib. İkincisi isə yol polisi hansısa futbolçunu saxlayırsa, bu məlumatı mətbuata yayımlamaq düzgün deyil. Heç bir problem yoxdu.

apasport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right