Ramin Musayev: "Videotəkrarın əleyhinəyəm, çünki çox vaxt aparacaq" MÜSAHİBƏ

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev apasport.az saytına müsahibə verib.

 

Newsport.az  həmin müsahibəni təqdim edir:
 
- Əvvəlcə Premyer Liqanın geridə qalan mövsümünü qısaca dəyərləndirərdiniz...
- Gözlədiyimizdən də maraqlı alındı. Fikirləşirdik ki, 8 komandalı çempionat marağını itirər. Ancaq çox şükür ki, belə olmadı. Çempionat gərgin alındı, Avropa Liqasına vəsiqə verən 4-cü yerin sahibi son turda müəyyənləşdi. Bütün bunlar bizim üçün vacib idi. Ümumiyyətlə, çempionatda 8 komandanın olması, təkcə bizi yox, hamını narahat edirdi. Amma gözlədiyimizdən yaxşı alındı, razı qaldıq.
 
- Bəzi futbolçular və mütəxəssislər cari mövsümü əvvəlkilərdən zəif hesab edirdilər. Siz müqayisə aparsanız, müsbətə və mənfiyə doğru hansı dəyişiklikləri qeyd edə bilərsiniz?
- Mənfi mənada dəyişiklik oyunların sayının azalması idi. Lakin maraq etibarilə baxanda, əvvəlki mövsümlərdən heç də geri qalmadı. Sona qədər gərginlik davam etdi. Hamı deyirdi ki, mövsümün ortasında çempion bəlli olacaq. “Qarabağ”, “Qəbələ” və “İnter”in birgə mübarizəsi çempionatın maraqlı keçməsinə səbəb oldu. Bu da sevindirici haldı.
 
- Hansı komandaların çıxışı sizin üçün gözlənilməz oldu?
- Mən gözlənilməz sözü ilə razı deyiləm. Çünki futbolda gözləmədiyin nəsə olmur, hər şey mümkündü.
 
- Vaxtilə çalışdığınız “Neftçi”nin mövsümü 7-ci pillədə başa vurması da sizin üçün gözlənilməz olmadı?
- Bir daha təkrar edirəm ki, futbolda hər şey ola bilər. “Neftçi” bu il 7-ci yeri tutdu, nə bilmək olar ki, gələn il neçənci olacaq? Ardıcıl 3 il çempion olan komandadı.
 
- Ümumiyyətlə, “Neftçi”nin uğursuz çıxışını nə ilə əlaqələndirərdiniz?
- Dəyişikliklər çox oldu.
 
- Hakimlərin idarəçiliyi necə, ürəyinizcə oldumu?
- Digər ölkələrlə müqayisədə ürəyimcə oldu. Amma bununla razılaşmırıq, bizi tam qane etmir, işimiz davam etdiriləcək. Çalışacağıq ki, dəqiqlik daha çox olsun, səhvlər bir qədər də azalsın. Şükürlər olsun ki, qərəz, başqa fikirlər yoxdu. Ən vacibi bunlardı. Hakimliyimizin durumu ürəkaçan olsa da, bir daha təkrar edirəm ki, səhvləri azaltmaq üçün çalışmalarımızı davam etdirəcəyik.
 
- XVII turdan sonra oyunlara əlavə köməkçi hakim təyinatları olmadı. Bu, hakim çatışmazlığından qaynaqlanırdı?
- Xeyr, bununla bağlı deyildi. Bu addım baş hakimlərin xahişi ilə atıldı. Əlavə köməkçi hakimlər olanda hamısı bir-birinə arxayın olurdu. Bu qərarı ona görə verdik ki, baş hakimlər tam cavabdehlik daşısınlar, bütün məsuliyyəti üzərlərinə götürsünlər. Bu da öz bəhrəsini verdi.
 
- Artıq bir çox ölkələrdə texnologiyadan istifadə edilir. Yayda Konfederasiyalar Kubokunda da videotəkrar sistemi tətbiq ediləcək. Bu texnologiyanı yaxın illərdə Azərbaycan çempionatında görə bilərikmi?
- Şəxsən mən videotəkrarın əleyhinəyəm, çünki çox vaxt aparacaq, hərc-mərclik yaradacaq. Güləşdə etiraz döşəkcəsini ortaya atırlar ki, videotəkrara bir də baxılsın. Vaxt söhbəti də var. Mən bunun əleyhinəyəm.
 
- İki futbolçu – Filip Ozobiç və Rauf Əliyev Premyer Liqanın bombardiri oldu. Sizcə, bir hücumçu üçün 11 qolla bombardir olmaq uğurdumu?
- Bu, çempionatın səviyyəsindən xəbər verir. Əgər çempionat zəif keçsəydi, yəqin ki, bombardirin vurduğu topların sayı da çox olardı. Mən belə düşünürəm.
 
- Gələn mövsüm Premyer Liqada neçə komanda görə biləcəyik? Bu məsələ ilə bağlı bir yenilik varmı?
- İndi konkret cavab versəm, yalançı olaram. Dəqiq nəsə deyə bilmərəm.
 
- “Səbail”, “Ağsu” və “Turan Tovuz” I divizionda ilk 3 yeri tutdular. Onların Premyer Liqaya buraxılması prosesində son durum nədi?
- Əgər sponsorları olsa, hər şey etmək olar.
 
- “Turan Tovuz”la bağlı mübahisəli vəziyyət yaranıb. Bəziləri bunu əvvəlki “Turan”, bəziləri isə yeni komanda hesab edirlər...
- Kim deyir ki, əvvəlki “Turan”dı? “Turan Tovuz” başqa komandadı, “Turan” başqa.
 
- AZAL-ın aqibəti necə olacaq?
- Bunu klub rəhbərliyindən soruşmaq lazımdı.
 
- Siz klub rəhbərliyi ilə bu məsələni müzakirə etmirsiniz?
- Hələ etməmişik. Çempionat yenicə başa çatıb. İnşallah, görüşümüz olar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right