Qurban Qurbanovdan çempionluq şərhi: "Bu, bizim borcumuzdur"

Azərbaycan Premyer Liqasının XXVI turunda keçirilən "İnter" - "Qarabağ" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az xəbər verir ki, bu qələbə ağdamlılara ardıcıl 4-cü çempionluğu qazandırıb.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında çıxış edən "atlılar"ın baş məşqçisi Qurban Qurbanov zəfəri şərh edib.

"Futbolçularımı təbrik edirəm. Bu gün göstərdikləri oyunla bu təşəkkürü haqq edirlər. Azarkeşlərə və rəhbərliyə də minnətdarlığımı bildirirəm. Bu adı qorumaq bizim üçün xoşdu. "İnter"i mövsümün komandası adlandırmaq olar. Bu qədər çətinliklərə baxmayaraq, inamlı oyun sərgilədilər. Onların hər birisi bizim futbolçulardı. İstərdim ki, "İnter"im imkanları daha da geniş olsun. Hər kəsi bir daha təbrik edirəm".

- "Qarabağ" 5-ci dəfə çempion oldu. Komandanın işinə "əla" qiymətini vermək olar?

- Komandaya "əla" qiymətini verə bilərəm. Amma bu o demək deyildi ki, hər şey idealdı. Bəzən çətinliklər çəkirik. Futbolçular bəzən uğur əldə etdikdən sonra həvəsdən düşürlər. Ancaq biz bu istəyi qoruyub saxlamağa çalışırıq.

- Bu çempionluq ölkə kubokunun finalında sizə əlavə motivasiya verəcəkmi?

- Ardıcıl 4-cü dəfə çempion olmaq çox xoşdu. Bu, bizim borcumuzdur. İdmançı daima meydana maksimum nəticə üçün çıxmalıdı. Çətin olsa da, biz buna nail olduq. Bu, tam fərqli bir şeydi. Qarşıda bizi iki oyun gözləyir. Futbolçulara istirahət verməyəcəyik. Təcrübə baxımından daha çox oyun keçirməliyik. Əvəzedicilərdən hansısa futbolçunu heyətə cəlb edəcəyimi düşünmürəm.

- Düşünmək olarmı ki, Qurban Qurbanov bu gün və ya sabahdan Çempionlar Liqası ilə bağlı planlarını qurmağa başlayacaq?

- Bu gün, ya sabah deyə bilmərəm. Çempionatın sonuna kimi buna vaxt ayıracam. Yəqin ki, əlavə transferlə bağlı sual olunacaq. İstəyirik ki, heyəti genişləndirək. Düşünmədiyimiz zədələr oldu. Buna görə əlavə futbolçulara ehtiyac var. Bəzi futbolçularla danışıqlar gedir. 

- Daha çox hansı mövqelərin gücləndirilməsinə ehtiyac var?

- Hər bir turnirin maksimumu var. Biz əvvəlcə çempion olmalıydıq. Bundan sonra növbəti turnirə hazırlaşmalıyıq. Hər xəttə dəyişiklik etməyə ehtiyac var. Bəzi futbolçularla danışıqlar da aparırıq.

- Danışıq apardığınız futbolçular arasında yerli oyunçular var?

- Xeyr.

- Dani Kintana ilə Bədavi Hüseynovun durumu nə yerdədi?

- Kintana bizə hazırlıq müddətində qoşulacaq. Amma tam hazır olması üçün zaman ehtiyacı var. Amma Bədavi məşqlərə başlayıb. Hazırlığı yetərli deyil ki, onu meydana buraxaq.

- İstərdim bu suala Rəşad Sadıqovun baş məşqçisi kimi yox, yaxın dostu kimi cavab verəsiniz. Məlum olduğu kimi, Sadıqovun baş məşqçisi olduğu "Qarabağ" U-19 liqasında birinci pillədədi və çempion olmaq şansı çox yüksəkdi. Sizcə, Rəşad üçün hansı çempionluq daha doğmadı, məşqçi kimi qazanacağı, yoxsa futbolçu kimi əldə etdiyi?

- Mən həqiətən çox istəyirəm ki, ilk məşqçi ilində çempion olsun. Bu gün birinci yerdədi və 9 xal öndədi. Hər peşəyə başlayanda maksimum nəticəni qazanmaq böyük təcrübədi. Ona uğurlar arzulayıram. Rəşadın çox böyük potensialı var. Birdən-birə belə bir nailiyyət əldə etsə, böyük bir təcrübə qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right