Doğma şəhərdə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” dünən növbəti məşqini keçirib.
Newsport.az xəbər verir ki, saat 17:00-da ehtiyat meydançada başlayan və leysan yağışı altında keçən hazırlıq prossesi 1 saat 20-dəqiqə davam edib.
Məşqin gedişi barədə qısaca:
Əvvəlcə isinmə hərəkətləri, sonra isə 20-dəqiqə ərzində kvadratlarda çalışan futbolçular bunun ardından beşnəfərlik 4-komandaya ayrılaraq ikitərəfli oyuna başladılar. Hər biri cəmi 2-dəqiqə sürən bu ikitərəfli oyunlarda məğlub olan komanda yerini digərinə verirdi. Getdikcə daha da sürətlənən bu qısa oyunlar futbolçuların matçlar zamanı çevik və düzgün qərarlar verilməsinə alışmağa hesablanmışdı.
Qapıçı problemi:
Orxan Sadıqlı zədəsini tam sağalda bilmədiyindən aşağı yaş qruplarından yeniyetmə bir qapıçı əsas heyətin məşqində iştirak edirdi. Yeri gəlmişkən təcrübəli qolkiper Cahangir Həsənzadə də zədə səbəbindən məşqə qatılmamışdı. Buna görə də oktyabrın 7-də baş tutan məşqin gedişində qurulan ikitərəfli oyunlarda qapıları Tərlan Qasımzadə və aşağı yaş qruplarından dəvət edilən həmin yeniyetmə qapıçı qoruyurdular.
Gənclər:
Əsas heyətin məşqinə gənclərdən dəvət edilən təkcə qapıçı deyildi. Belə ki, ondan savayı əvəzedici heyətdən də bir neçə sahə oyunçusu hazırlığa qatılmışdı.
Meydança problemi:
Lənkəranda son günlər yağan və məşq zamanı daha da güclənən yağış ehtiyat meydançanı tamamilə bərbad vəziyyətə salmışdı. Meydançanın bəzi yerlərində palçıq hətta topuqdan yuxarı qalxırdı. Elə vəziyyət yaranmışdı ki, məşqin bitimində bazaya yollanan istər yeli istərsə də legioner futbolçular hərə öz dilində meydançanın bərbad vəziyyətdə olmasından gileylənirdilər. Əlavə edək ki, meydançanın vəziyyətindən məşqçilər korpusunun narazılığı elə hazırlıq prossesinin gedişi zamanı aşkar görünürdü.
12cioyuncu.info