Təəssürat dolu London səfəri YAZI

Avropa Liqasının pley-off mərhələsində İsveçrə "Yanq Boyz"unu sıradan çıxaran "Qarabağ", ölkə futbol tarixində daha bir ilkə imza atdı. Belə ki, "köhlən atlar" Azərbaycan futbol tarixində ilk dəfə ardıcıl ikinci il Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaq şansı qazandı. Ağdamlılar bununla da, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Seltik"ə məğlub olaraq kədərləndirdiyi tərəfdarlarına yeni sevinc bəxş etdi.

Ağdam klubu bir ilkə də imza atdı ki, bu da Azərbaycan futbol tarixində ilk dəfə bir klubumuzun İngiltərə təmsilçisiylə qarşılaşması idi. Həmişə böyük maraqla izlədiyimiz İngiltərə Premyer Liqasının təmsilçisi doğma "Qarabağ"ımızla qarşılaşacaqdı. Mən də bu oyunu canlı izləyənlər arasında olacağımdan çox həyəcanlı idim.

...Və nəhayət

Sentyabrın 15-i saat 18:00-da böyük bir heyət Londona çarter reysiylə ilə uçmağa planlaşdırılan uçuş yarım saat gecikməylə baş tutdu. 5 saat 40 dəqiqəlik hava yolculuğunu hansısa məşğuliyyətlə zənginləşdirmək lazım idi ki, yorulmayaq. Elə olurdu ki, arada kapitan Rəşad Sadıqov, baş məşqçi Qurban Qurbanov, klubun direktoru Əmrah Çəlikəl də gəlib biz tərəfə - jurnalistlərin mitinqinə baş çəkirdilər. Səs-küy o qədər maraqlı olurdu ki, arada öz zarafatları, sözbaz müdaxilələriylə onlar da prosesin iştirakçısına çevrilirdilər. Jurnalistlərin bundan öncəki səfərlərdə başlarına gələn əhvalatlərın danışması isə məclisimizə ayrıca gözəllik bəxş edirdi. Bu baxımdan İlkin Xəlilov, Aydın Bağırov, İxtiyar Əsgərov və Əlisahib Əliyev daha fəal idilər.

Londona Bakı vaxtıyla saat 12 radələrində çatdıq. Təyyarədən yerə ayaq basar-basmaz, Londonun sərin havasını üzərimizdə hiss etdik. Sanki nəhəng şəhərə yox, hansısa dağ kəndinə qədəm qoymuşduq. "Dumanlı Albion"a çatdığımız zaman yağmur yenicə kəsmişdi. Arabir xırda-xırda yağış səpələyirdi. Hava limanından birbaşa məskunlaşacağımız "Melia Vayt Haus" otelinə yollandıq. Yol boyu diqqətimi çəkən ən maraqlı məqamlardan biri, bizi qalacağımız otelə gedən yolda türk restoranlarının çoxluq təşkil etməsi oldu. Nəhayət, Albani küçəsində yerləşən “iqamətgah”ımıza çatdıq. Otelə bir xeyli gec çatdığımızdan, "Dumanlı Albion"la əyani tanışlığı sabaha saxlamaq məcburiyyətində qaldım.

“Sağ ol ay, qağa!”

Səhər isə ilk olaraq, həmkarlarım Saleh Arslan, Kənan Məstəliyev, Elçin Cəlilov, Elnur Həmidov, Emin Abbasov, Elmar Abdullazadə və mən Londonla tanış olmaq üçün “Ya Allah” deyib “tərpəndik”. Hər gördüyümüz bir mənzərə və bina bizim üçün bir yenilik idi. Gəzintimizin ən yadda qalan hissələrindən biri isə Kənan Məstəliyevin ingilisdən metronun harda olmasını soruşması oldu. Sualına cavab alandan sonra ingilisə azərbaycan dilində “sağ ol, ay qağa” sözü bizim üçün gülüş mənbəyinə çevrildi. Təəssüf ki, güclü yağan yağış səyahətimizn tam axıra qədər çatmasına imkan vermədi. Amma 5 saata yaxın bir gəzinti həyata keçirə bildik. Mənim üçün ən maraqlı məqam 10 milyondan artıq insanın yaşadığı bir şəhərin bu qədər sakit və hüzür içində olması idi.

Döyüşkən “Qarabağ” Oyun haqda da danışmaq lazımdı. “Tottenhem” ilk 5-6 dəqiqədən sonra hiss elədi ki, “Qarabağ” yoldankeçən, təsadüf iştirakçı deyil. Bunu dərk eləyənə qədərsə Ansinin sol cinahdan keçidinin qarşısı penaltilik həddə kəsildi. Hakimin təyin elədiyi 11 metrliyi Riçard Almeyda dəqiq yerinə yetirdi. 0:1 öndəyik, “Spurs” özünü toparlamaqa başladı. Oyunu meydanın mərkəzindən sürət götürüb, cərimə meydançası həndəvərinə girməklə qurmağın faydasız olduğunu, yerlə oyunun “Qarabağ”da daha yaxşı alındığını görüb, hiss eləyəndən sonra dərhal tipik ada futbolu üslubuna – cinah reydlərinə keçdilər. Elə bu tərzdə oyun da bizimkilərin uyğunlaşmasını ləngitdi. Londonlular birinci hissədə üç dəqiqəyə 2 qol vurub, komandasına özünəinamı qaytardı. “Qarabağ”da Əfranın oyundan “qopması” işini görürdü. Sol cinahdan isə Cavidin reyd eləməli olduğu məqamlarda çox detalın çatışmadığı ortaya çıxdı. Belədə rəqib bir qədər rahatlaşdı, müəyyənləşdirdiyi üslubda oynamağa davam elədi.

Bu arada, ingilis azarkeşlərin “futbol akademiki” olduğu haqda fikirlərin canlı şahidi oldum. Matç təzə başlamışdı və çox sakit tərzdə oyun izlədiklərin görüb Firuz Abdullaya “budur, çılğın ingilis azarkeşlər” deyə soruşdum. Abdulla isə mənə biraz səbr etməli olub və onların necə “mələşmə”lərinin şahidi olacağımı bildirdi. Onların ilk hissənin ortalarında bir-iki epizodda öz komandasını uğultu və fitə basmağı heyrətləndirici idi. Bilirsinizmi niyə? Çünki “Spurs” tempi aşağı salmağa, mərkəzdə top saxlayıb, vaxt “öldürməyə” başlamışdı. İngilis azarkeşi isə biletə verdiyi pulun boşa getməsini bağışlamır. Temp qalxanda "Qarabağ"ın yorulmamağı, tərzini itirməməyi xoşagələn olsa da, fərdi ustalıqlar arasındakı fərq, təəssüf ki, vəziyyətə damğasını vururdu. 2:1-lik üstünlük Lamelanın qolu ilə artdı, ancaq “Spurs”un bütün heyəti hesabın daha böyük olmasına köklənmişdi. “Qarabağ”ın, xüsusən, son 5-6 dəqiqədə tab gətirməyi çox vacib idi, çünki Əfranın boşa verdiyi o şansdan sonra hesab fərqini azaltmağın mümkünsüzə çevrildiyi hiss olunmaqdaydı. Müdafiəmizdə panikanın açıq hiss olunurdu. Bunun üzərində iş görülməlidi. Düzdü, “Tottenhem” də müdafiədə kifayət qədər boşluqlar buraxmışdı, sadəcə, bizimkilər yaranan şanslardan yararlana bilmirdilər. Səbəbsə, buna yetəcək gücün rəqibə nisbətən az olması idi. Onlar müdafiənin önündə sıxlıq yaradıb, Riçard və Reynaldonu zərərsizləşdirməyi bacarırdılar. Qol vurmaq bir yana, ağır qrupdur, burada əvvəlcə qol buraxmamaq vacibdir.

Oyun 3:1 hesabı ilə bitsə də, hesabın oyuna görə olmadığını iddia eləmək mümkündü. Hətta həm ingilis həmkarlarımızdan eşitdiklərimiz, həm azarkeşlərin rəyləri – “Qarabağ”ı belə gözləmədikləri aşkar idi.

Geri dönüş

Səhəri günü, yerli vaxtla saat 14:00-da havaya düzəldik. Komanda Gəncə aeroportunda düşəcəkdi – ayın 20-də “Kəpəz”lə səfər oyunu var. Jurnalist heyəti isə Bakıya doğru... Yenə 6 saata yaxın yolculuq və təbii ki, bezdirici keçməməsi üçün müxtəlif məşğuliyyətlər... Bu dəfə domino, gərgin və ya əksi olan mübarizə gedərkən “oyun meydançasının” həndəvərindən keçən klubun baş meneceri Asif Əsgərov, direktor Əmrah Çəlikəl “oyunçu aparsın” dəstəyi sərgilədilər. Yenə iştirakçılardan kiminsə rəqib öz tərəf müqabili ilə “him-cim”lə danışdığı üçün dava saldığı, hesabda geri düşdüyünü həzm eləmədiyi bir məqam idi. Bir az da temp düşmüşdü. Qurban Qurbanovun təklifindən sonra ara yenidən qızışdı. Qurbanov çempion olana 200 manat pul mükafatı vəd etdi. Və çempionat yenidən başladı. Yarış olimpiya sistemi ilə keçirildi. 4 komanda yarımfinal və final oynadılar. İlk olaraq “meydana” Elçin Cəlilov və mən Firuz Abdulla – Rüstəm Əfsərli komandasıyla çıxdıq. Çempionatdan əvvəlki qarşılaşmada onları məğlub eləsək də, mükafat uğrunda mübarizədə bəxtimiz gətirmədi. Nə Cəlilov, nə mənə həmişəki oynumuzu oynaya bilmədik. Buna səbəb çox sadə idi: bəxt üzümüzə gülmədi və bizə şanslı “daşlar” gəlmədi. Əvəzində biz mubarizəni tərk etməli olduq. Digər yarımfinal matçında isə Saleh Arslan və klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov tandemi ilə Fariz – Kənan cütlüyü qarşılaşırdı. Gərgin mübarizəni Nurlan-Saleh komandası qazandı. Final matçını böyük auditoriya izləyirdi. Göyün yeddinci qatında domino üzrə mini turniri baş sponsor və stimullaşdırıcı Qurbanov da əvvəldən sona qədər izlədi. Finalda mükəmməl geri dönüş edən Firuz-Rüstəm komandası qazandı. Mən öz adımdan və komanda yoldaşım Elcin Cəlilov adından təbrik edirəm. Zarafat, deyib-gülməklə dolu, çox maraqlı səfər yaşadıq.Mənim “ağzu bil” zarafatım isə zarafatların əsas hissəsinə çevrildi.

Bu təşkilatçılığa görə başda Tahir Gözəl olmaqla Qurban Qurbanov,Asif Əsgərov,Əmrah Çəlikəl,Nurlan İbrahimov və digərlərinə təşəkkür edirik.

Mərdan Həsənov

P.S “Qarabağ” və “Qəbələ”qrupun digər matçlarında uğurlar arzu edirəm. İnşALLAH hər ikisi qrupdan çıxaraq Azərbaycan futbolunda yeni bir səhifə açarlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right