Uçdu göylәrә, bizim “Neftçi”miz! KÖŞƏ

"Neftçi" "İnter"lə matçdan sonra baş vermiş məlum hadisə ilə bağlı bəyanat yayıb.

Bir cümlə isə xüsusi olaraq diqqətimi cəlb etdi. Çünki bu, "Neftçi" adına böyük ayıb sayılmalıdı: "Təəssüf ki, azarkeşlərimizlə ünsiyyət zamanı başqa sektordan kənar şəxs meydançaya daxil olmuş və futbolçuların üstünə hücum çəkmişdir".

Bəli, illərdir bu komandanın azarkeşi olan Nurlan Əziz kənar şəxs adlandırılır, yadlaşdırılır. “Söyüb-döyәrik, “satarıq”, lazım gәlәrsә, ögey deyәrik” deməkdir bu. Bu kluba illərini verən azarkeşi “kənar şəxs” adlandırdız.

Hazırda həbsdə olan (5 sutka) bu azarkeşin tək günahı on(lar)a qələbə sevinci yaşatmayan futbolçusuna qarşı etiraz etməsi oldu. Azarkeşə dəyər verməyən, lakin hər zaman bəh-bəhlə onları sevdiklərini deyən "Neftçi" rəhbərliyi nəinki o Nurlanın həbsinə mane oldu, hətta onu “kənar şəxs” də adlandırdı. Komandanın baş məşqçisi Samir Əliyev də eyni mövqedən çıxış edir. O, nəinki oyunçusunu cəzalandırmaq haqda düşünür, hətta hərəkətinə bəraət də qazandıraraq komandanın dəymədüşəri Arazın tərəfini saxlayaraq deyir ki..: “...sizə də o cür söyüş söysəydilər, Arazın etdiyindən artığını edərdiz”.

Hörmətli, Samir bəy! Birincisi, mən bilmədiyim işin altına girib özümü söydürmərəm. İkincisi, azarkeş stadiona oyun izləməyə gəlir və bunun əksini görəndə hisslərini cilovlaya bilməyib söyür. Söyüşə yox, “Neftçi”yə layiq futbol oynamaq lazımdır. O “Neftçi”yə ki, bu gün Azərbaycan millisi də futbol oynayanda yaşlı təbəqənin bəzi üzvləri deyir, “Neftçi” oynayır”! Arazından tutmuş, əvəzedicilərə qədər bütün futbolçularınız bu formanın ağırlığını dərk etməlidir, çünki özünüz də dediyiniz kimi, “Neftçi” sıradan klub deyil, bu xalqın dəyəridir. Hər yoldan keçəni bu kluba dəvət etmək olmaz. “Neftçi”də onun adına layiq olan futbolçular oynamalıdır.

Elə sanmayın ki, azarkeşin söyüş söyməyinin tərəfdarıyam. Əsla! Mən, ümumiyyətlə, söyüşə, təhqirə qarşıyam.

Maraqlı başqa bir məqam da var: “Neftçi”nin formasında Raufa hücum çəkən klubun işçisi - Xәyyam Nәzәrovdur, Nurlansa söz atıb keçir. Daha bir yalanınızı ifşa etmiş oluruq beləcə… Papağınızı qoyun qabağınıza, fikirləşin. Görün, xalqın komandasını nə günə qoymusuz. Yalan dolu bir klub… Bu bizim istədiyimiz xalq komandası deyil. Azərbaycanın belə komandaya ehtiyacı yoxdur, dostlar. Bu cür yalanlarla xalqın komandasını göyə uçurub, yerinə yalan dolu klub gətirdiniz.

TƏBRİK EDİRƏM sizi!

UÇDU GÖYLƏRƏ, BİZİM “NEFTÇİ”MİZ!

Mərdan Həsənov





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz