“Turan Tovuz” yağışdan çıxdı, yağmura düşdü

İllərdir futbol ictimaiyyəti, media nümayəndələri, azarkeşlər AFFA-nı şiddətlə qınayırdı ki, niyə elitada 8 klub var, niyə bölgələrdə futbol canlanmır və s.
 
Nəhayət, uzun sürən tənqidlər bir nəticə verdi. Quyruğu qapı arasında qalanda AFFA daşı ətəyindən töküb, 2 bölgə təmsilçisini Premyer Liqaya yüksəltdi. Gözlənildiyi kimi, “Kəpəz” və “Turan Tovuz” üçün elitanın qapıları açıldı.
 
Ancaq uzaqgörən şəxslər bilirdi ki, bu, hələ problemlərin həll olunması anlamına gəlmir. Çünki Gəncə və Tovuz təmsilçilərinin maliyyə mənbələri qeyri-müəyyən idi. Düzdür, AFFA bu problemi aradan qaldırmaq üçün ötən ilin sonlarında bölgələrdəki futbol klublarına dəstək fondu yaratdı. Fondun əsas məqsədi bölgələrdə maliyyə resurslarını cəmləşdirib, sponsor tapmaq idi. Di gəl ki, hələ də bu fondun ciddi faydasını görən olmayıb.
 
Son söz-söhbətlərə inansaq, dövlət tərəfindən bütün elita klublarına 2022/23 mövsümü üçün 2 milyon manat ayrılacaq. Dərhal belə fikir yarandı ki, AFFA bu maliyyəni mənimsəyib, nəzarəti altında olan klubları istədiyi formada idarə edəcək. Sonradan məlum oldu ki, bu vəsait hər şəhərin, rayonun İcra Hakimiyyətinin büdcəsinə əlavə olunacaq və həmin icra orqanları bir növ vasitəçi, dolayısıyla klubun idarəçisi olacaq.
 
Amma deyəsən, bölgə klubları yağışdan çıxıb, yağmura düşüb. Hər halda, həmkarımız İxtiyar Əsgərovun “facebook”da yazdıqları belə düşünməyə əsas verir. Tovuzlu jurnalist sanki SOS siqnalını səsləndirib. Bildirir ki, çempionatın başlamasına 25 gün qalsa da, “Turan Tovuz”un nə forması, nə stadionu, nə press-lojası, nə saytı, nə də heyəti hazırdır. Hətta top nə olan şeydir ki, o belə yoxdur. Belə çıxır ki, vəd olunan maliyyə dəstəyinin iyi belə gəlmir. Bu vəziyyətdə “Turan Tovuz”un elitaya qayıtması özünəqəsddən başqa bir şey deyil.
 
Əlbəttə, belə də olmalıydı. Köklü bir klubu futboldankənar qalstuklu müəllimlərin ümidinə qoyanda başqa nə ola bilərdi ki? Müşahidə Şurasının sədri Oqtay Abdullayevin, idman direktoru Nadir Nəbiyevin bütün zəhməti hədər gedir. Ən azı ölkənin güclü məşqçilərindən sayılan Ayxan Abbasovun baş məşqçi vəzifəsinə gətirilməsini düzgün qiymətləndirmək lazımdır. Hiss olunur ki, “Turan Tovuz” daxilində ab-hava heç də yaxşı deyil, qeyri-müəyyənlik davam edir. Bütün bunların məntiqi yekunu kimi, komandanın rəqabətədavamlı heyəti də formalaşmayıb. Qorx ki, belə qeyri-peşəkar mühitdə Ayxan bəy çempionat başlamadan istefa ərizəsini yazsın. Niyə də yox?! Nə üçün Abbasov göz görə-görə özünü odun içinə atıb, nüfuzuna xələl gətirməlidir. İddialı mütəxəssisə hər tur qapazaltı olacaq komanda yaraşmaz.
 
Bütün bunlar həm də ona görə baş verir ki, “Turan Tovuz” təbii formada elitaya yüksəlməyib. Zorla qolundan tutub, yuxarı qaldırıblar. Etiraf edək ki, Qərb təmsilçisi hələ Premyer Liqaya qayıtmağa hazır deyildi. Bəli, Tovuz futbolla nəfəs alan bölgələrimizdən biridir. Köklü ənənələri var, güclü futbolçular yetişdirib. Ancaq kor atı minib, köndələn çapmaq olmaz. Reallığı nəzərə almaq, çörəyi çörəkçiyə vermək lazım idi. Əvvəlcə klubun strukturu formalaşdırılmalı, strategiyası müəyyənləşdirilməli, infrastrukturu qurulmalı və ən əsası güclü maliyyə dayağı tapılmalıydı. 
 
İndi isə yalnız bunu deyə bilərik: zorla gözəllik olmaz!
 
Hacı Mərdan




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right