UEFA-dan ədalətsiz qərar Nurlanı və “Qarabağ”ı tək qoymayaq!

UEFA yenə ikili standartları işə saldı. Yenə haqsızlıq etdi. Yenə “Qarabağ”a qara üzünü göstərdi. Təəccübləndikmi? Yox! Çünki daha öncə bunu dəfələrlə görmüşük. Riçard Almeydanın “İnter”ə vurduğu qolun hesaba alınmaması necə rüsvayçılıq idisə, həmin oyunun hakimlərinin cəzasız qalması ondan da böyük biabırçılıq idi. Faktiki qrup mərhələsində oynadığı ilk ildəcə qrupdan çıxmaq şansını Ağdam klubunun əlindən aldılar. 
 
“Düdelanj”la Lüksemburqda keçirilən görüşdə ermənilərin dron hoqqasını da unutmamışıq. Düzdü, bizimkilər ev sahiblərini buna görə necə lazımdı “kötəklədi”. Ancaq “Qarabağ”ın 4:1 hesablı qələbəsi “Düdelanj”ı məsuliyyətdən kənar qoya bilməzdi. UEFA buna görə “cırtdan” ölkənin təmsilçisini ciddi cəzalandırmalıydı. Ancaq böyük miqyasda cəza görmədik. Təsəvvür edin, Bakıda bu səpkidə hadisə baş verir. UEFA o zaman “Qarabağ”ı necə cəzalandırardı, bir düşünün.
 
Avropanın ali qurumunun növbəti haqsızlığı komandamıza ev oyunlarını Bakıda keçirməyə icazə verməməsi oldu. Müharibə davam edərkən bu qərarı vermələrini başa düşürdük. Ancaq savaş bitdikdən sonra “Sivasspor”la matçı da Azərbaycandan kənarda keçirməklə bağlı verilən qərarın məntiqi izahı yoxdu.
 
Nəhayət, gələk son cəzanın üstünə. Bərdədə mülki əhaliyə qarşı erməni vandallarının törətdiyi cinayətə, 8 yaşlı qızın günahsız yerə qətl edilməsinə dözə bilməyən Nurlan İbrahimovun emosionallıqla yazdığı status ağır daş oldu sanki. Qız atası olan “Qarabağ”ın mətbuat katibinin hisslərini başa düşmək olardı. Affekt vəziyyətində yazılmış status idi. Bu qədər şişirtməyə ehtiyac yox idi. Aydın məsələdi ki, cəbhədə rüsvayçı şəkildə məğlub olan ermənilər bunun qisasını ancaq belə ala bilərdilər. Təəssüf ki, içimizdəki bəzi “humanistlər”in də verdiyi təkanla sosial şəbəkədə yazılmış status UEFA-ya kimi çatdı. Əvvəlcə qeyri-müəyyən müddətə işindən uzaqlaşdırdılar. Dünən isə Nurlanı ömürlük futboldan uzaqlaşdırmaqla yanaşı, “Qarabağ”a 100 min avro cərimə kəsdilər. Bir sözlə, UEFA növbəti dəfə iç üzünü ortaya qoydu. 
 
Birincisi, insanların şəxsi hesabında yazdıqlarına görə, onun çalışdığı klub, müəssisə, təşkilat heç bir halda məsuliyyət daşımır və buna görə “Qarabağ”ın cərimələnməsi absurddu. İkincisi, adam status yazdıqdan sonra bir az qırmızı xətti keçdiyini anlayıb və yazını silib. Üçüncüsü, səsləndirilən və ya yazılan hər hansı fikirə görə bir insanı işindən ömürlük uzaqlaşdırmaq yolverilməzdi.
 
Ağdam klubu qərardan şikayət edəcəyini bildirib. Bu məsələyə mütləq AFFA və Gənclər və İdman Nazirliyi də qarışmalıdı. Başqa vaxt deyirlər ki, Elxan Məmmədov ali qurumda böyük nüfuza sahibdi. Hətta bir ara onun UEFA-da yüksək vəzifələrdən birini tutacağını iddia edənlər də var idi. İndi buyursun, qurumdakı hörmət-izzətini nümayiş etdirsin. 
 
Cəzanın yüngülləşdirilməsi üçün hamı “Qarabağ”a və Nurlana dəstək olmalı və əlindən gələni etməlidi. Bu artıq ölkənin nüfuzunu əhatə edən və Azərbaycanın ümumi maraqlarına aid məsələdi. Hamı bir nəfər kimi əlini daşın altına qoymalıyıq. Hələlik isə bir sözü deyə bilərik: yanındayıq və səninləyik, Nurlan!
 
Hacı Mərdan 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right