“Neftçi”dən məktəblilər üçün yay hədiyyəsi

Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi qorumaq bizim borcumuzdur. Qorumaq, təkcə səhhətini təhlükəyə atan şeylərdən yox, həm də pis vərdişlərdən qorumaq. Pis vərdişlər deyəndə ağlınıza yalnız narkotik vasitələr və tütün məhsulları gəlməsin.Bunlar öz yerində.Biz həm də uşaqları tənbəllikdən və savadsızlıqdan uzaq tutmaq lazımdır. Elə etmək lazımdır ki, övladlarımız çalışqan və təhsilli olsun. Təbii ki, bunun üçün ilk növbədə sağlam olmaq lazımdır. Sağlamlığın ən yaxşı yolu isə idmanla məşğul olmaqdır.

Ölkəmizdə idmana maraq böyükdür. Təsadüfi deyil ki, Azərbaycan dünyada təkcə neft yox, həm də idman ölkəsi sayılır.  Ancaq bizdə daha çox fərdi idman növləri inkişaf edib.Kollektiv növlərdə çatışmazlıqlarımız var. Amma bunu da aradan qaldırmağın yollarını axtarırıq. Ancaq bunun üçün təkcə dövlət və idman federasiyaları yox, klub və cəmiyyətlər də fəallıq nümayiş etdirməlidi.

Futbol da istisna deyil. Bu idman növünün kütləviləşməsi, futbola marağın artırılması üçün uşaqlardan işə başlamaq lazımdır. Gələcək nəsildən başlamaq... Ki, sağlam təməl atılsın.

“Neftçi” bunu ən yaxşı dərk edən klublardan biridir. Flaqmanın iyunda həyata keçirdiyi tədbirin də məqsədi uşaqları həm futbola yönəltmək, həm də bir vətəndaş kimi yetişmələrinə yardım etmək idi.

Doqquz gün, üç qrup, 100-dən artıq uşaq

“Neftçi”nin “Neftçili Yay Futbol Düşərgəsi”AFFA-nın, Təhsil Nazirliyinin, “Məktəblinin dostu” layihəsinin və “ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə məktəblilər arasında keçirildi. Düşərgədə ümumilikdə 100-dən artıq yeniyetmə iştirak etdi.Məktəblilər 3 qrupda düşərgəyə cəlb olundu. Birinci mərhələ iyunun 16-18, ikinci mərhələ 19-21-də, üçüncü mərhələ isə 22-24-də baş tutdu. Uşaqlar hər gün günün ilk yarısında futbol məşqləri edir, ikinci yarısında isə müxtəlif viktorinalarla biliyini təkmilləşdirirdi. Hər mərhələnin yekununda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olundu. Birinci mərhələdə “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov,ikinci mərhələdə klubun vitse-prezidenti Elnur Eyvazov,üçüncü mərhələdə isə “ağ-qaralar”ın əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov uşaqları sevindirib, hədiyyələri və sertifikatları təqdim etdi.

Kamran Quliyev: “Orada iştirak edənlər arasında gələcəyin futbolçusu, azarkeşi formalaşır”

Bu düşərgəylə bağlı “Neftçi”nin prezidenti Kamran Quliyevdən müsahibə aldıq:

- Bu layihənin təşkil edilməsində məqsəd nə idi?

- Hələ AFFA-da işləyərkən mən bu cür layihələrin təşkilatı işlərində aktiv iştirak edirdim.Biz FİFA-nın futbolun kütləvi təbliği üçün nəzərdə tutulan “Grassroots” layihəsi əsasında işlər görürdük.Daha sonra “Sumqayıt”da işlədiyim dövrdə 2014-cü ildən etibarən bunu davam etdirməyə başladıq.Ancaq fərqli, daha geniş, daha mürəkkəb bir formaya gətirdik və icra elədik.Bizim layihədə uşaqla bütün gün ərzində düşərgədə iştirak edirlər.Futbol dərslərində iştirakla yanaşı, müxtəlif müsabiqələr təşkil edirik.Onları naharla, geyimlə təmin edirik.Futboldan kənar əyləncələr təşkil edirik.Həmçinin biliklərini artıra bilirlər.Bu layihəni “Neftçi”də də davam etdirmək qərarına gəldik.İnşAllah, bunu davamlı olaraq edəcəyik.Əsas məqsəd də, uşaqlarımızı kiçik yaşlarından Azərbaycan futboluna qazandırmaqdır.Orada iştirak edənlər arasında gələcəyin futbolçusu, azarkeşi formalaşır.Onlar içərisində bəlkə də, elələri var futbol klubuna, bu cür stadiona ilk dəfə gəlirdilər.Təbii ki, ilklər həmişə insanın xatirəsində daimi qalır.Nəticədə klub olaraq biz də “Neftçi” ordusu üçün yeni üzvlər qazanırıq. Onlar bizim klubun dəstəkçisinə çevrilirlər.Həmçinin düşərgədə uşaqlar iştirak etməklə sağlam həyatın onlar üçün nə qədər vacib olduğunu anlayırlar.

 -Bu layihənidüşərgədə iştirak edən uşaqlar üçün “Neftçi” futbol akademiyasına bir seçim də hesab etmək olarmı?

- Bu seleksiya xarakterli bir layihə deyil. Ancaq buna baxmayaraq hələ “Sumqayıt”da bu cür düşərgələr təşkil edən zaman məşqçilərimiz bir neçə gələcəyin futbolçularını onlar arasından tapa bilmişdilər.Həmin uşaqlar sonradan akademiyanın aparıcı üzvlərinə çevrildilər.Ancaq builki düşərgə ilə bağlı hələ nəsə demək tezdir.İştirakçıların əksəriyyəti futbolla məşğul olmayan məktəblilər idi.Əgər məşqçilər onlar arasında yaxşı istedadlı uşaqlar taparsa, niyə də “Neftçi” akademiyyasına dəvət etməyək?

- Növbəti mövsüm bu düşərgəni daha böyük bir layihə halına gətirmək fikriniz varmı?

- Bu layihəni kiçik miqyasda icra etmək fikrimiz yoxdur. Bu düşərgə “Neftçi” üçün pilot layihə idi. Təxminən 100-ə yaxın uşaq iştirak elədi.Gələcəkdə bunu həm yayda, həm də qışda həyata keçirtmək istəyirik.Təbii ki, yayda bunu təşkil etmək bizim üçün çox rahatdır.Həm hava şəraiti, həm də onların iştirakı üçün yetərincə zamanının olması baxımından.Həmçinin bu düşərgənin Bakının bir rayonunu deyil, bütün şəhər məktəblilərini əhatə etməsini istəyirik.Ki, hər bir uşaq layihədə iştirak etmək imkanı qazansın.

- Düşərgədən “Neftçi” nə qazandı?

- Daha öncə qeyd etdiyim kimi, gələcəyin “Neftçi” azarkeşlərini. Çox gözəl həvəslə uşaqlar layihədə iştirak etdilər, birlikdə əyləndilər, yedilər, futbol oynadılar, yeni dostlar qazandılar.Biz isə onları.Bu bizim ən böyük qazancımızdır.

Uşaqlar düşərgədən çox razıdır

Uşaqlar heç vaxt yalan danışmır.Çünki insanın ən saf olduğu dövr uşaqlıq çağıdır.Biz də son sözü onlara verdik. Düşərgədə yaşananları bir də onların dilindən eşidək:

Kamil Həsənov: “Düşərgə çox yaxşı keçdi. Orada bizim üçün hər cür şərait yaradılmışdı.Həm qidalanmaq, həm məşq, həm də istirahət baxımından hər şey çox yaxşı idi. “Neftçi”nin yay düşərgəsindən çox razı qaldıq. Orada ilk öncə məşq keçirdik, sonra günorta yeməyi yeyirdik, sonra bilik yarışı və viktorinalar keçirilirdi.Üç gün ərzində çox şey öyrəndik.Düşərgənin son günündə “Neftçi”yə aid atributlar və sertifikatlar verildi.Futbolla peşəkar şəkildə məşğul oluram.Ancaq bu düşərgədə futbolçuyla yeni və faydalı davranış qaydaları gördüm.Orda vətənpərvərlik mövzusunda da informasiyalar paylaşıldı, milli qəhrəmanlarımız və işğal altında olan torpaqlarımız barədə məlumat verildi.Çox faydalı 3 gün oldu. İstərdim ki, bu düşərgə hər il olsun və müddəti uzun olsun. Bu düşərgəyə məni dəvət etdiyinə görə “Neftçi” rəhbərliyinə minnətdaram.Arzulayıram ki, başqa klublar da gələcəkdə belə tədbirlər keçirsin”.

Əsma Sadıqlı: “Neftçi”nin keçirdiyi yay düşərgəsi çox maraqlı idi. Orda əyləncəli 3 gün keçirdik, təzə dostlarımız oldu.Müəllimlər bizi 2 qrupa bölmüşdülər.Bizim qrupda tək qız mən idim, ona görə müəllim məni kapitan seçmişdi.Günortalar bizi yeməyə aparırdılar. Orda böyük qızlar (könüllülər) var idi, yeməkdə necə hərəkət etməyi öyrədirdilər.Sonra hər gün qruplara bölünüb maraqlı oyunlar oynayırdıq. Narıncı və mavi formalar geyinib bir-birimizi tuturduq, futbol hərəkətləri eləyirdik.Viktorinalarda futbol haqqında suallar olurdu.Ən çox oğlanlar düz cavab verirdilər.Axırıncı gündə qızlarla oğlanlar arasında futbol oldu.Biz 5:4 qalib gəldik.Amma müəllimlər qız olduğumuz üçün bizə kömək elədilər, bizim yerimizə onlar qol vurdular.Mahnılar qoşurdular, biz də oynayırdıq.13 ədəd “stiker” uddum.Bizə hədiyyələr, diplom verdilər, çoxlu şəkillərimizi çəkdilər.Əvvəllər atam evdə futbola baxanda əsəbləşirdim, futboldan zəhləm gedirdi.Amma ora gedəndən sonra mən də hərdən atamla oyuna baxıram.Həm də gördüm ki, futbolu öyrənmək çətindi.Müəllimlərimiz bizimlə mehriban idilər.Əsas da qızlarla. Buna görə də onlara “çox sağ ol” deyirəm”.

İsrayıl Xeyrullayev:“Yay tətilimin ilk günlərini “Neftçi”li Yay Futbol Düşərgəsində keçirməyim çox əyləncəli oldu. Həmyaşıdlarımla vaxt keçirmək çox xoş idi.Yeni dostlar qazandım, vaxtımı şən, futbol oynayaraq keçirdim, əyləncəli viktorinalarda iştirak etdim.Düşərgədə futbola daha yaxından bağlandım.Məşqçi-müəllimlərin köməyi ilə “Neftçi” və Azərbaycan futbolunun tarixinə səyahət etdim, müəyyən biliklərə də yiyələndim.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah