Futbolumuzun "qara qutusu" YAZI

Yaxşı məşqçi ola bilərmi?

 

Təyyarə qəzaya uğrayandan sonra ilk yada düşən qara qutu olur. Çünki bütün səbəblər, qaranlıq məqamlar bu qara qutuda gizlənir.

 

Tale elə gətirib ki, son 10 ildə futbolumuzda baş verənlərin səbəbini bu adamda – Rəşad Sadıqovda axtarmalı olmuşuq. Çünki harada olubsa, həm oyunu, həm də xarakteri ilə seçilib və Rəşad olan yerdə səbəbi başqasında axtarmaq istəməmişik. Axı, Rəşad hər yerdə lider olub və lazımi anlarda komandanı arxasınca apara bilib. Alınmayanda isə günahı başqalarında yox, elə Rəşadın özündə görmüşük.

 

Ona görə də, Polşa və Serbiya faciələrində onun adı hallanıb, Şahin Diniyev və Gedenin qara siyahısına onun adı birinci düşüb, futbolu basketbola da dəyişən adam Rəşad olub.

 

Ən maraqlısı odur ki, son 10 illiyin ən sevilən futbolçusu da elə Rəşadın özü olub. “Rusenborq”a vurduğu mükəmməl qol, Türkiyə üzərində tarixi qələbədə onun əla zərbəsi...

 

Xilaskar, yoxsa günahkar? Rəşad Sadıqovu yaxından tanımayan üçün onun haqqında birmənalı fikir bildirmək çox çətindir. Amma hamının eyni fikirdə olduğu bir məqam var ki, Rəşad Sadıqov müstəqillik dönəmində üzə çıxan ən parlaq futbolçumuzdu.

 

Karyerası sona yaxınlaşdıqca isə futbol camiəsində onun barəsində maraqlı müzakirələr başlayıb. Sadıqovdan yaxşı məşqçi olacaqmı?  

 

Artıq indidən məşqçilik kurslarına qatılan Rəşad Sadıqovun potensialı kifayət qədər böyükdür. Həmişə oynadığı komandalarda yalnız kapitan və lider kimi yox, həm də meydanda məşqçi kimi davranan Sadıqovun bu baxımdan təcrübəsi yetərincədir. Onun ən böyük özəlliyi yüksək analitik keyfiyyətlərə malik olmasıdır. Onu tez-tez matçların videoyazısını izləyən və özü üçün qeydlər aparan görmək olar. Futbol savadı üst səviyyədə olduğu üçün təhlil qabiliyyəti gələcəkdə onun çox xeyrinə olacaq.  

 

Məşqçilikdə ən vacib məqamlardan biri də xarakterlə bağlıdır ki, Sadıqovun bu baxımdan da problemi yoxdur. O, ölkəmizdə azsaylı futbolçulardandır ki, həm də şəxsiyyət kimi qəbul olunur. Çünki Rəşad Sadıqov başqaları ilə ünsiyyətdə son dərəcə diqqətlidir.    

 

Bildiyimə görə, Rəşad Sadıqov məşqçi olub-olmayacağına dair qərar verməyib. Ancaq artıq indidən demək olar ki, onu məşqçi qismində görmək çox maraqlı olardı.

 

Emin ABBASOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right