Ayxan Abbasov niyə haqqını tələb etmədi?

“Qəbələ” – “Zirə” oyununun nəticəsi final fitindən sonra yaşananların kölgəsində qaldı.

Hər şey bir neçə futbolçu arasında davadan başladı. Yüksələn hərarət soyunub-geyinmə otaqlarına kimi davam etdi. Nəticədə nə baş verdi? Əsəblərini cilovlaya bilməyən Ayxan Abbasov dəhlizdə söyüş söydü və “Qəbələ”nin mühafizə xidmətinin əməkdaşlarından biri onu vurdu.

Bundan sonra meydan sahiblərinin vitse-prezidenti “Zirə”nin baş məşqçisini öz otağına çağırıb, onunla bağlı qapı arxasında 40 dəqiqə söhbət etdi. Kim bilir, bəlkə bu danışığın nəticəsi idi ki, Abbasov onu vuran şəxsdən, dolayısı ilə “Qəbələ”dən şikayət etmədi.

Amma məsələ bununla bitmir axı. İndi gəlirik məsələnin incə məqamına. İş burasındadır ki, mütəxəssisin vurulma anını bu matça ezam olunmuş AFFA nümayəndəsi Məmmədəli Məmmədov də mənimlə söhbətdə təsdiqlədi. Bu elə incə məsələdir ki, onu havadan-sudan yazmaq qətiyyən peşəkarlığa sığmır. Dəlilsiz, sübutsuz belə iddialı xəbər yaymaq böhtan xarakteri daşıya bilərdi. Ancaq belə deyil. Çünki AFFA nümayəndəsi özü olaylara şahid olduğunu və hətta ona qarşı da təzyiq göstərildiyini etiraf etmişdi. Bəs indi nə oldu? Belə çıxır ki, Məmmədov bütün bunları protokolda qeyd etməyib. Niyə? Məmmədovun protokola qeyd etmədyi bütün bunları biz saytımız vasitəsi ilə ictimayyətə çatdırdıq. Bəs yaxşı Ayxan Abbasov niyə ağzına su alıb, susmaq qərarına gəldi? Ayxan bəy niyə haqqını tələb etmədi? Əslində susmaq istəmədi. Sadəcə kiminsə məsləhəti ilə geri addım ataraq, bizi yalan yazmaqla suçladı.

Ayxan müəllim hadisəyə mətbuatda belə münasibət bildirdi: "Bu, şişirdilmiş məlumatdır. Oyundan sonra paltardəyişmə otağımızın qarşısında mübahisə oldu. Bu da normaldır. Belə hadisələr futbolda baş verə bilər. "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov da orada idi. Onunla bu barədə danışdıq. Heç bir problem yoxdur. Məni heç kim döyməyib".

Gördüyünüz kimi, Abbasov bizi yalan və şişirdilmiş məlumatı yazmaqda günahlandırdı. Hadisə ilə bağlı danışmağa qadağa qoyduğu futbolçulardan biri (Riçard Qadze) etiraf etdi ki, baş məşqçisini vurublar. Belə olan halda niyə bizi yalançı çıxartmaqa cəhd etdiniz, niyə? Nəticədə 5 oyunluq cəza aldınız. Sizə kəllə vuran o, muhafzəçi isə cəzasız qaldı. Bu qədərmi asandır bir insanı vurub cəzasız qalmaq? O, insan da ən ağır şəkildə cəzasın almalı idi. Axı bununla siz həm də özünüzə qarşı hörmətsizlik etdiniz. Sabah bir başqası sizə qarşı fiziki təzyiq göstərsə, buna görə ancaq özünüzü qınayın. Çünki buna siz şərait yaratdınız. Biz yalan yazmadıq. Sadəcə, siz həqiqəti gizlətdiniz.

Həqiqət isə gec-tez üzə çıxır. Nə qədər onu gizlətməyə çalışanlar olsa da...

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right