Qurbanovun debütü və... gəlin, tələsməyək! TƏHLİL

Bütün diqqətlər Antalyada – “Mardan” stadionunda idi. Hamını Qurban Qurbanovun yığmadakı ilk oyununun necə keçəcəyi maraqlandırırdı. Görüşdən bir gün əvvəl millinin yeni baş məşqçisi yoxlama oyunu olsa da, nəticənin onun üçün önəmli olduğunu demişdi. Qarşılaşmaya gəlincə...

Yeddi “Qarabağ”lı start heyətində

Mütəxəssisin ilk “11-liy”i böyük maraqla gözlənilirdi. Çoxları elə düşünürdü ki, intizama ciddi önəm verən Qurbanov qapıda Kamran Ağayevə şans verməyəcək. Həm də qapıçı xəstə olduğundan son məşqə qatılmamışdı. Ancaq Qurban bəy qapını təcrübəli qokiperə həvalə etmişdi. Müdafiənin mərkəzi Maksim Medvedev – Ruslan Abışov cütlüyünə tapşırılmışdı. Solda Pavel Paşayev, sağda Abbas Hüseynov yer almışdı. Rahid Əmirquliyevlə Qara Qarayev dayaqda çıxış edirdi. Riçard Almeyda dispetçer funksiyasını yerinə yetirir, oyunu qururdu. Yarımmüdafiənin solunda Cavid Hüseynov, sağında Əfran İsmayılov yer almışdı. Hücumda isə Mahir Mədətov mövqe tutmuşdu.

Yeni çalışdırıcı kapitanı dəyişdirmədi

Rəşad Sadıqov yığma karyerasını bitirdikdən sonra kapitanın kim olması uzun müddət müzakirə olundu. Bu mövzu saqqız kimi uzadıldı, sağa da çevrildi, sola da.Əsas da sarğını qoluna taxan Rahid Əmirquliyevin Almaniya ilə oyunda himnimizi oxumamasından irəli gəlirdi. Əksəriyyət başqa futbolçunun kapitan olmasını istəyirdi. Ancaq Qurbanov öz seçimini etdi. O, “XəzərLənkəran”dan “Qarabağ”a gətirdiyi futbolçunu kapitan kim itəsdiqlədi. Yerigəlmişkən, Əmirquliyev 4-cü dəqiqədə kobud səhvlə yaddaqaldı. Onun geriyə ötürməsini rəqibfutbolçu ələkeçirsədə, hesabı aça bilmədi.

Həmin oyun modeli

Qurbanov öz oyun üslubuna yığmada da sadiq qaldı. Topa sahib olma, kiçik ötürmələr, kombinasiyalı hücumlar... Lakin ustalıq səviyyəsi sözünü deyirdi. Yəni “Qarabağ”da işlək mexanizmdə əsas pay sahibi olan legionerlər yığmada olmadığından bu oyun modeli tam baş məşqçinin istədiyi kimi alınmadı. Bəzi məqamlarda futbolçular arasında anlaşmazlıq da sözünü deyirdi. İlk hissədə komandamız daha çox sağ cinahdan hücumlar qürurdu. Solda yer almış Cavid Hüseynov tez-tez mərkəzə çəkilirdi. 11-ci dəqiqədə Mahir Mədətovun gözəl ara ötürməsini “Qəbələ”nin kapitanı zərbə ilə tamamlasa da, top qapıçının üstünə getdi. 23-cü dəqiqədə Əfran İsmayılov qasıqnahiyyəsindən zədələnərək meydanı tərk etdi. Onun yerinə meydana çıxan Ruslan Qurbanov dərhal künc ötürməsindən sonra fərqlənməyə yaxın oldu. İlk hissədə topa komandamız nəzarət etsə də, rəqibin əks-hücumları daha yaddaqalan olurdu. Kamran Ağayev də pis təsir bağışlamırdı.

İkinci hissədə də eyni şeyləri izlədik. Yenə “ikinci skripka” rolunu üzərinə götürən moldovanların ani əks-hücumları daha kəsərli alınırdı. Ancaq Ağayev sayıq idi. Qurban bəy Cavid İmamverdiyev və Təmkin Xəlilzadəni 61-ci dəqiqədə meydana buraxdı. Bir qədər sonra Ramil Şeydayev də qazona ayaq basdı. Oyunun sonlarında isə baş məşqçi Coşqun Diniyevlə Rəhman Hacıyevə də şans verdi. Hər iki komanda 90 dəqiqə boyunca 6 əvəzetmə həyata keçirdi. Komandamızın heyətində ən yaxşı futbolçulardan biri Ruslan Abışov idi. “Neftçi”də çox pis ab-hava yaşasa da, yığmaya fiziki və psixoloji yorğunluqla gəlsədə, özünü ən yaxşı tərəfdən göstərdi. Belə görünür ki, Bədavi Hüseynov sağaldıqdan sonra Abışov müdafiənin mərkəzində onunla əla tandem təşkil edə bilər.

Gəlin, tələsməyək

Sonuncu dəfə bu komandanı Bakı Olimpiya Stadionunda 2:1 hesabı ilə məğlub etmişdik. O zaman baş məşqçi Robert Prosineçki idi. Ancaq indiki 0:0 hesabına görə yığmanı asıb-kəsməyək. Unutmayaq ki, bu, hələ yığmanın optimal heyəti deyildi. Nə Dmitri Nazarov varidi, nə Araz Abdullayev, nə BədaviHüseynov, nə də başqaları. Martda Makedoniya ilə keçirəcəyimiz yoxlama oyununda çox güman, Qurbanov bütün aparıcı futbolçulara şans verəcək. Həm də o zaman oyunçular indiki kimi yorğun və formalarından uzaqda olmayacaq. Çünki indi toplanış dövrü olduğundan futbolçular klublarından yüklənmiş halda yığmaya gəlmişdi. Həmdəki, Qurbanov hələ milli ilə 2-3 məşq keçib. Zamanla problemlərin yoluna qoyulacağına inanaq və ölkənin ən güclü yerli məşqçisinə dəstək verək.

Mərdan Həsənov (Antalya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right