Dumanlı şəhərin qırmızı-qara rəngləri YAZI

Peşəkar Futbol Liqası və Topazın təşkilatçılığı ilə bu dəfə yolumuz gözəl təbiəti ilə seçilən, dumanlı şəhər Qəbələyə idi. Azərbaycan Premyer Liqasının 14-cü turunun və 2017-ci ilin son oyunu –  "Qəbələ" və "Keşlə" komandalarının görüşünü işıqlandırmaq üçün yola çıxdıq. Düzü, Gəncədən sonra bura olan səfəri ayrı-ayrı dünyalar kimi ifadə edərdim.

Oyun başlayanda diqqətimi bir nüans çəkdi ki, bu da matça olan maraq idi. Soyuq qış günü Tufan dağın ətəyində qarşılaşmanı izləmək üçün hər cür şərait və gözəl hava olsa da, görüşdə azarkeş sayı çox az idi. Bir sözlə, oyunu barmaqla sayılacaq qədər tamaşaçı izləyirdi. "Keşlə"yə ayrılan zonada isə bir nəfərin – Elnur Yusifov adlı azarkeşin klubun bayrağını yelləməsi diqqəti çəkməyə bilməzdi.

Əsl azarkeş də məhz belə olmalıdır. Qeyd etmək yerinə düşər ki, "Keşlə" klubunun bu günlərdə, belə sadiq insanlara çox ehtiyacı var. Bu haqda bir az sonra.. Qarşılaşma Gəncə səfərində olduğu kimi bu dəfə də qəbələlilər üçün yaxşı nəticələndi. 24-ci dəqiqədə çempionatımızın ən sərrast futbolçusu Baqali Dabo “Qəbələ”ni hesabda önə çıxardı. Fasiləyədək oyuna diqtə edən tərəf olan “qırmızı-qaralar” bir neçə epizodda fərqi artırmağa çox yaxın idilər. Lakin son anda ya qonaqların qolkiperi Orxan Sadıqlı, ya da qeyri-dəqiqlik meydan sahiblərinin fərqlənməsinə imkan vermədi. Nəticədə Roman Qriqarçukun baş məşqçilik etdiyi komanda fasiləyə minimal üstünlüklə yollandı.

İkinci yarıda isə fərqli hissənin şahidi olduq. Demək olar ki, “Qəbələ” Bakı klubuna göz açmağa belə imkan vermədi. 51-ci dəqiqədə ev sahiblərinin xorvat futbolçusu Filipp Ozobiç baxımlı qolla hesab arasındakı fərqi 2 topa çatdırdı. 5 dəqiqə sonra diqqətlər yenidən bu oyunçuda cəmləşdi. Ozobiç bu dəfə cərimə zərbəsini mükəmməl sonlandırdı. 3-cü dəfə mərkəzə dəvət olunan “Keşlə” futbolçuları buraxılan toplardan sonra daha inamlı təsir bağışladı. Təbii ki, sözügedən inam fərqin azalmasına yetərli deyildi. Düzdür, qəsəbə təmsilçiləri Dmitri Bezotosniya həyəcanlı anlar yaşada bildilər. Amma həlledici anla “keşləlilər” fərqlənə bilməyən və hesab dəyişməz qaldı. Bununla da xal ehtiyatını 31-ə çatdıran “Qəbələ”  Yeni ili turnir cədvəlinin ikinci pilləsində qarşılayacaq.

Oyundan sonra yaşananlar da kifayət qədər cəlbedici idi. "Qəbələ"nin “Keşlə”yə vurduğu 100-cü qolunun müəllifi Filipp Ozobiç hətta bu xəbəri bizdən eşidəndə heyrətini gizlətmədi. Zədədən sonra əvvəlki formasını bərpa etməyi düşündüyünü deyən xorvat futbolçu, qol sıramasını artırmaq istədiyini bildirdi.

İndi isə qayıdaq oyuna olan azarkeş marağına. Bəlkə də olmayan. Matç əsnasında bir neçə azarkeşlə söhbət etmək imkanım yarandı.  Onlar bildirdilər ki, qarşılaşmanı izləmək üçün stadiona biletsiz daxil olublar. Pulsuz olduğu halda, yerli komandanın oyununa bu cür laqeyd münasibət sözsüz ki, qəbəlilərin futbola olan “sevgisindən” xəbər verir.

Həmin gün iki yaşını qeyd edən "Red Black Army" fan-klubundakı azarkeşlər də bu faktı təsdiqlədilər Ancaq əlavə etdilər ki, "biz həmişə fan-klub olaraq sevimli komandamıza dəstək oluruq, hətta səfər oyunlarına öz hesabımıza gedirik. Bu gün pulsuzdur, biz də pulsuz tamaşa etməyə gəlmişik. Lakin qiymət neçə olur-olsun, hər zaman oyuna baxmağa gələrik. Hazırda qiymətlər sərfəlidir. Biz hazırıq. Qalanların deyə bilmərik".  

Stadiondakı digər azarkeşlərə “niyə Qəbələdə futbola maraq azdır” sualını ünvanlayanda,  çıxıb getməyi üstün tutdular. Sanki onlardan Mirhüseynlə Nizami haqqında fikir soruşacaqdıq. Yeri gəılmişkən, bu haqda heç kim danışmaq istəmirdi. Hətta “Keşlə” futbolçuları daxil. Bakı klubunda yaşanan son hadisələrin ardınca komandanın həmin gün nümayiş etdirəcəyi oyun xüsusən diqqət mərkəzində idi. Lakin nəticədən də bəlli olduğu kimi, heç nə arzuolunan deyildi. Ölkə çempionatında ardıcıl 8-ci məğlubiyyətini alan paytaxt təmsilçiləri bu dəfə "qırmızı-qaralar"ın qara zolağına düşdülər.

Futbolçuların müsahibədən yayınması isə mətbuat konfransında geniş müzakirə oldundu. “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədovdan bu tapşırığın onun tərəfindən gəlib-gəlmədiyini soruşduqda cavabı bir qədər emosional oldu: "Heç kəs deyə bilməz ki, mən jurnalistlərin suallarını cavablandırmıram. Mənə 30 zəng gəlib, hamısına cavab vermişəm. Futbolçular sizin suallarınızı cavablandırmırsa, bu onların öz işidir".

Mətbuat konfransından sonra yenidən futbolçulardan müsahibə almaq istədik. Bu dəfə futbolçular qaçmırdılar, amma “Keşlə” klubunun mühafizəsi jurnalistlərə ica vermirdi. Hər halda adi mühafizəçinin belə məsələlərdə qərar vermək səlahiyyəti yoxdur. Görünür ki, ona bu imkanları yaradanlar var. Mübahisənin artdığı bir vaxtda Ramiz Məmmədov gəldi və “bu klubun baş məşqçisi mənəm və mən də futbolçularıma müsahibəyə icazə verirəm” deməklə məsələ həll olundu. Yalnız bundan sonra Bakı klubun braziliyalı müdafiəçisi Denis Silva Kruzun fikirlərini öyrənə bildik. 

İbrahim Məmmədov

Newsport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right