… 3 xal QURBAN olsun

Amal Abuşov

""Neftçi"ylə qarşılaşmanı bizim xahişimizdən sonra əvvələ çəkdilər. Bu dəyişiklik bizə "İnter”lə oyuna hazırlaşmaq üçün əlavə iki saat zaman verəcək.” Sitat Qurban Qurbanovun idman saytlarına verdiyi müsahibələrin birindəndi. Etiraf edirəm, bu kəlmələri oxuyanda xeyli heyrətləndim. Artıq neçənci ildi ki, idman mətbuatındayam. Ondan da xeyli əvvəldən müsahibələr, araşdırmalar, çeşidli yazılar oxumuşam. Amma belə zərgər dəqiqliyi ilə hesablama aparan azərbaycanlı mütəxəssis görməmişəm. 

Bizdə günah yoxdu. 

Qızıldan qiymətli 6 ili Berti Foqtsla boşa verən ölkənin vətəndaşlarıyıq. Alman çalışdırıcının dilindən "10 günlük toplanış hazırlıq üçün kifayət etmədi” bəhanəsini o qədər eşitmişik ki. İndi içimizdən birisi nəinki həftənin, günün, hətta saatların hesabını aparır. Qurban Qurbanovun sakit davranışlarına, əsəblərinin möhkəmliyinə hələ Sent-Etyendə təəccüblənmişdim. 90 dəqiqəlik gərgin oyundan, minlərlə azarkeşin təzyiqindən sonra insanın üz cizgiləri heçmi dəyişməz? Oyunun ağırlığı, psixoloji gərginlik bir məşqçinin emosiyalarına bu qədərmi təsirsiz qalar? Rəqib üçün az qala ölüm-qalım qarşılaşmasına çevrilmiş bir oyundan xalla ayrılasan, amma özünü Azərbaycan premyer-liqasının sıradan bir oyununda heç-heçə edən komandanın çalışdırıcısı kimi aparasan. Bütün bunlar bizim üçün sözün tam mənasında yenilik sayılmalıydı. 

Sonluğu yaxşı bitən bütün filmlər insanın yaddaşında müsbət izlət buraxır, həmin filmdən pozitiv enerji alıb, ona baxmağa sərf etdiyin zamana heyfslənmirsən. 

"Qarabağ”ın bu mövsümkü avrokubok məcarası eynilə belə filmlərə bənzəyir. Hər bölümündə gərginlik, əsəb, ümidsizlik yaşanır. Elə bu məqamda bir də görürsən ki, Qurbanov və yetirmələri növbəti möcüzəni gerçəkləşdirdilər. "Zalsburq”la Bakıdakı oyunda ukraynalı hakimin göstərdiyi qırmızı vərəqələr, səfərdəki çarəsiz görüntümüz gözümüzü qorxutmamışdımı? "Tvente”ni Bakıda yenə bilməyincə "vəssalam, bu il də qrupdan əlimizi üzdük” deyirdik. Diası itirdik, ardınca Cumbiniyo sıradan çıxdı. "Bizimki bura qədərmiş” düşünməyə başlamışdıq ki, səhnəyə Muarrem çıxdı. Onun vurduğu qol sayəsində Kiyevdə qazandığımız qələbəylə bir andaca qrupda iddiamızı artırdıq. "Dnepr” qisasını Bakıda aldı, daha sonra Reynaldo zədələndi. "Köhlən atlar” Fransaya gəzintiyə gedir, "Sent-Etyen” bu şansı əldən buraxmaz” düşüncəsiylə ürəyimiz əsdi. "Joffrua Qişar”ı susduran Vüqar Nadirov "mən də varam” dedi. 

Artıq sözün bütün mənalarında itirəcəyimiz heç nə qalmayıb. 

Əsas heyət üzvlərinin bir-birinin ardınca zədələnməsi Qurbanovu çətin seçim qarşısında qoyub. Deməli, zədəyə qurban gedəcək oyunçumuz yoxdu. Hələ püşk atılanda bu zorlu qrupdan çıxmaq şansımızı sona qədər saxlayacağımızı, həlledici mərhələdə taleyimizin öz əlimizdə olacağını təxmin etmək hünər istəyərdi. Bu mənada nəticəyə görə təlaşlanmağa dəyməz. 

"Köhlən atlar” qarşıya qoyulan vəzifənin öhdəsindən artıqlamasıyla gəlib. Amma belə fürsəti dəyərləndirməmək də günah olar. Şansımızı buraya qədər saxlaya bilmişiksə, qaradan artıq rəng yoxdu. 

"İnter”lə qarşılaşmaya yaxşı hazırlaşmaq üçün dəqiqələrin belə hesabını aparan Qurban bəyi yaxşı başa düşürəm. Reynaldonu "Bakı”yla oyunda itirib, başımıza döyə-döyə qalmışıq. "Neftçi” üzərində qələbə "Qarabağ”a hansısa futbolçunun zədəsi bahasına başa gələcəksə, olmaz olsun bu 3 xal. Lütfən, Avropanın futbol ölkələrindən nümunələr tapıb, özümüzü aldatmayaq. Hamımız yaxşı bilirik ki, bizim onlarla müqayisə olunası heç nəyimiz yoxdu. Mövsümün əvvəli olsaydı, dərd yarıydı. Onda futbolçuların gücü indikindən çox, eləcə də zədəli futbolçusu olmayan Qurbanovun seçim imkanı geniş idi. 

Dekabrın 11-i Azərbaycan futbolu üçün tarixi gündü. Həmin tarixi gündə zəfərə sevinməyimiz üçün premyer-liqanın intiriqasından bir turluq vaz keçmək belə mümkündü. 

"Qarabağ” qrupdan çıxmaq üçün nəyisə qurban verməlidisə, qoy elə bu "Neftçi”ylə oyundakı 3 xal olsun.


 

Sport7.Az





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz