Bu Komitədən qan iyi gəlir


Dörd "qoç”un başı bir qazanda necə qaynayacaq? 

Amal Abuşov

Günə Samir Zeynalov adlı oxucunun sual dolu məktubuyla başlamışdım. Sağ olsun, onu düşündürən suallara bizdən cavab almağa çalışıb: "AFFA bizi niyə ələ salır? 15 gündü kişini (millimizin yeni çalışdırıcısı Robert Prosineçkini nəzərdə tutur) Azərbaycana gətirib stadionları gəzdirirlər. Elə birdəfəlik açıqlasınlar ki, onu Foqtsun yerinə təyin eləyiblər, bundan ötrü dağdan ağır kişiləri soyuq havada AFFA-nın binasını toplayıb İK-nin iclasını niyə keçirirlər?” 

İstədim uzun-uzadı oxucuya izahat verim. Deyim ki, İK üzvlərinin təsdiqləməsi hüquqi cəhətdən vacibdi, bundan başqa gündəlikdə məşqçilərin və klubların komitəsi yaradılması var. Amma sonra fikrimdən daşındım. Hiss etdim ki, Samir bəy zamanın nəbzini tuta bilənlərdəndi. Ona görə də cavabım qısaca oldu: Azərbaycan reallığıdı. 

Bəli, əzizlərim. AFFA İK-nin iclasında hansısa fövqaladə hadisə yaşana bilməzdi. Ölkəmizin reallıqlarına uyğun olaraq hər şey əvvəlcədən hazırlanmış plan üzrə baş tutmalıydı. Elxan Məmmədov istədiyi adamı tapdı və onu bəy tərifiylə Foqtsun yerinə əyləşdirdi. 

Alman çalışdırıcının fəaliyyəti dövründə qulaqardına vurulan tənqidlərin bir qismi nəzərə alınıb. Prosineçki Foqtsdan cavandı və onun qarşısında Azərbaycanda yaşamaq tələbini qoyulublar. Mətbuatın bu iki tələbini yerinə yetirməkdən ötrü Foqtsa altı ildə milyonlarla neft pulu sərf olundu. Deməli, növbəti altı ildə bizim digər təkliflərimizi nəzərə alacaqlar. 
Cənab Prosineçkinin Foqtsla eyni dildə danışmasına baxmayaraq, bizimlə onun kimi davranmaması üçün dua etməliyik. Xorvatiyalı mütəxəssin təyinatı gündəmi elə zəbt edib ki, AFFA-nın digər qərarlarına fikir verən yoxdu. Belə olmağı da məsləhətdi. Bir-birinin ayağının altında quyu qazan klublar AFFA-nın xeyir-duasıyla yaradılan komitədə birləşəndən sonra can deyib, can eşitməyəcəklər. Klub başbilənlərinin birgə hərəkət etməyə həvəsi olsaydı, bunun üçün Məmmədovun işarəsini gözləməzdilər. Məqsəd PFL-in mövqelərini zəiflətməkdisə, açıq deyin. Buna cəsarət etmirsizsə, camaatı avam yerinə qoymayın. 

Klublar Komitəsi yaranandan sonra da üzdə olan futbolçuları yüz min artıq maaş təklif etməklə bir-birinizdən oğurlayacaqsız. Hakim kiminsə əleyhinə səhvə yol verirsə, deməli eyni zamanda həmin səhv başqasının lehinə olur. Tutaq ki, "Neftçi”-"İnter” qarşılaşmasında "X” hakim "İnter”in əleyhinə qərarlar verdi. Qarşılaşmadan sonra "Neftçi” rəhbərliyi çıxıb "hakim bizə tərəfkeşlik edirdi, onu cəzalandırın” deyəcək? İllərdi hər şeyi görə-görə gəlmədikmi? 

Bu yaxınlarda "Xəzər Lənkəran” rəhbərliyi stadionları təmirdə olduğu üçün "Neftçi”yə "ev oyunları”nın dəyiş-düyüş edilməsi üçün müraciət göndərmişdi. "Ağ-qaralar” əvvəlcə razılıq verdi, sonra isə öz şərtini ortaya qoyub razılaşmanı pozdu. Əmin olun ki, KK-nin yaradılmasından sonra da eyni problemlər davam edəcək. Nə sözü bir yerə qoyub futbolçuların qiymətini aşağı salmaq mümkün olacaq, nə teleyayım problemləri həllini tapacaq, nə də dünyanın hər yerində rastlanan hakim səhvləri aradan birdəfəlik qaldırılacaq. Bütün bunlar qeyri-səmimi birliyin yaradılmasıyla yerinə yetirilməsi mümkün işlər deyil, əzizlərim. 

Ən çox ehtiyyat etdiyim isə Məşqçilər Komitəsidi. Məqsədi və məramı qeyri-müəyyən olan quruma bir-birini qəbul etməyən dörd mütəxəssis toplayıblar. Böyükağa Hacıyev daha dünənə qədər "Azərbaycanda mənə məsləhət verə biləcək, məndən səhv tutacaq məşqçi yoxdu. Əvvəl mənim nəticələrimi təkrarlasınlar, sonra gəlsinlər” deyirdi. İndi Böyükağa bəy Vaqif Sadıqovun rəhbərlik etdiyi bir qurumda necə çalışacaq? Hacıyevin Şahin Diniyevlə söz atışmasına da çox da uzaq olmayan keçmişdə rastlamışıq. Yaşca hamıdan böyük olan Ağasəlim Mircavadovun "cavanlarla” necə yola gedəcəyi, onların futbol baxışlarının necə üst-üstə düşəcəyi də xeyli müəmmalıdı. Bəd gətirmək istəmirəm, amma bu komitənin sonu yaxşı görünmür. Atalarımız "iki qoçun başı bir qazanda qaynamaz” deyiblər. AFFA isə birdən-birə dörd çalışdırıcını eyni "qazana” salıb. 

Qaynayacaqlarmı?...

Sport7.Az





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz