Başın qarışıq olması...

Natiq Muxtarlı email: [email protected]

Hələ birinci dəstədə çıxış edərkən “Araz Naxçıvan”ın Premyer Liqa həvəsinin necə qıcqırdığını xatırlayırsız də yəqin. Həmin vaxt AFFA rəhbərliyinin bu qıcqırmadan ürəyi necə bulanmışdısa, sarsaq-sursaq bəhanələr gətirir, lisenziya-misenziya söhbəti edib, komandanı elitaya buraxmaq istəmirdilər. Onda futbol mübarizəsi yox, oliqarx müharibəsi gedirdi. Vasif Talıbovla Rövnəq Abdullayev arasında. Talıbov Rövnəq Abdullayevə qıcqırmış məhsulu yedizdirdi və kimin kim olduğunu hər kəsə başa saldı.

Premyer Liqada 11 turdan sonra “Araz Naxçıvan” “bizə belə donquli çempionat lazım deyil” deyib, “oynamırıq” dedi. İndi hər kəs “Araz Naxçıvan” rəhbərliyinin niyə belə addım atdığını müzakirə edir. Min fikir gəlir başlara. Ancaq ortada cəmi bir fakt var: Vasif Talıbov yenə də AFFA prezidentinə “yedizdirib”. “Araz Naxçıvan”ın çempionatdan çəkilməsi göstərişini sözsüz ki, Talıbov verib. Bununla da Abdullayevə “mənə futbol-mutbol lazım deyil, sadəcə, çempionatınla məzələnirdim” demək istəyib. Vəssalam, şüt də tamam.

Lütfən, Vasif Talıbovu qınamağa, onu Azərbaycan futbolunun imicinə zərər vurmaqda ittiham etməyə tələsməyin.

Əvvəlcə bir həftədən də çoxdu ölkəni başına götürən “Araz Naxçıvan dağıldı” xəbərinə Azərbaycan futboluna cavadeh olan şəxsin, AFFA prezidenti Rövnəq Abdullayevin münasibətini oxuyun: “Araz Naxçıvan”ın Premyer Liqada çıxışını dayandırmaq istəyi ilə bağlı qərarından xəbərim yoxdu. Başım qarışıq idi, bununla maraqlanacam”.

Belə prezidenti olan AFFA ilə məzələnərlər, hələ bir az da o yana keçərlər. Rövnəq Abdullayevi görən olsa, ona deyin ki, “Qarabağ” “Dnepr”ə Ukraynada qalib gəlib. Bakıdakı məğlubiyyətdən xəbərdardı onsuz da. Onu Elxan Məmmədov “Qurban Qurbanov məğlub oldu” formasında çatdırıb. Ancaq Kiyevdəki qalibiyyətdən söz salmayıb. Rövnəq Abdullayevin də xəbəri olmayıb. Başı qarışıq olub axı...

 

Komanda.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right