Arzudan gerçəkliyə daha bir addım Təhlil

 
Tarixinin ən yaxşı startını alan yığmamıza maraq xeyli artıb. Əvvəllər milliyə barmaqarası baxan, çox vaxt komandayla və yığma üzvlərini ələ salan futbolsevərlər indi ciddi-ciddi ümidlənib. Komanda əllər üstündə gəzir. Norveç üzərindəki qələbədən sonra artan ümidlər Çexiya heç-heçəsiylə daha da çoxaldı. İndi hamımız “niyə də yox” sualı ətrafında ciddi şəkildə fikirləşirik. Yavaş-yavaş 2-ci yeri tutmaq arzusu xəyaldan gerçəkliyə doğru addımlayır. Nəticə öz yerində. Bəs yığma Ostravada necə təsir bağışladı? Bu suala cavab tapmağa çalışaq.
 
Rəşadın yoxluğu hiss olundumu?
 
 
Rəşad Sadıqov zədə üzündən meydana çıxa bilmədi. Bu səbəbdən baş məşqçi Robert Prosineçki kapitan sarğısını Rahid Əmirquliyevə Verdi. Müdafiənin mərkəzində isə Maksim Medvedev və Bədavi Hüseynov tandem təşkil etdi. Müdafiənin solunda Arif Daşdəmirov, sağında isə Məhəmməd Mirzəbəyov qərarlaşmışdı. Ancaq stopperlərdən fərqli, onlar o qədər də etibarlı oynamadı. Hərdən top itkilərinə yol verir, rəqibin cinah hücumlarının qarşısını almaqda çətinlik çəkirdilər. Daşdəmirovdan fərqli, Mirzəbəyov hərdən hücuma da atılırdı. Amma asmalar zamanı onlar rəqib futbolçuları zərərsizləşdirə bilmirdi. Bəstəboy olmaları bu baxımdan onlara əngəl törədirdi. İkinci 45 dəqiqədə müdafiənin yükü nisbətən azaldı. Çünki yarımmüdafiə və hücum xəttimiz təzyiqi dəf edə bilmişdi. Əksinə, təxminən 20 dəqiqə çexlər müdafiə olundu. Yalnız son 10-15 dəqiqədə meydan sahibləri böyük qüvvəylə irəli atıldı. Ancaq Kamran Ağayev başda olmaqla yığma üzvləri qapımızın toxunulmazlığını qoruyub saxlaya bildi.
 
Yarımmüdafiə daha yaxşı təsir bağışladı
 
 
Norveçlə oyunda olduğu kimi dayaq yarımmüdafiəçisi funksiyasını Qara Qarayev və Rahid Əmirquliyev yerinə yetirdi.
Dmitri Nazarov bu dəfə doğma mövqeyində - yarımmüdafiənin mərkəzində çıxış edirdi. Bu üzdən özünü suda balıq kimi hiss edir, inamlı təsir bağışlayırdı. Tez-tez texnikasını işə salır, top saxlayıb, hücumlara başlayırdı. Bu dəfə Namiq Ələsgərov və Ramil Şeydayev ilk dəqiqələrdən meydanda qaçırdısa, Ağabala Ramazanovla Eddi İsrafilov ehtiyatda qalmışdı. Bu futbolçular ikinci hissədə meydana daxil oldu. Ruslan Qurbanov bu dəfə sol cinahdan hücuma dəstək verirdi. Bir daha sübut olundu ki, “Qəbələ”nin üzvü cinahda çıxış edəndə daha faydalı olur. Şeydayevə də alqış düşür. Əksər hava toplarına hakim olur, rəqib müdafiəsini təzyiqdə saxlayır, topla əla davranırdı. Hiss olunurdu ki, güclü futbol məktəbi keçib. Görəsən, “Trabzonspor”un baş məşqçisi Ersun Yanal bundan sonra ona şans verəcəkmi?
 
Almanlar çexləri yormuşdu
 
Səfərdə dünya çempionundan 3 cavabsız top yeyən çexlər olduqca yorğun görünürdü. Əsas heyətin bir neçə üzvünün olmaması, fiziki cəhətdən çatdırmama, azarkeş təzyiqi Çexiyanın oyun planını pozan əsas səbəblər idi. Bu səbəbdən komandamız üzərində təzyiq qura bilmirdilər. Ara-sıra hücumlar edir, daha çox qapı qarşısına asmalarla nəyəsə nail olmağa çalışırdılar. İlk hissədə 2, fasilədən sonra isə 3 dəfə real qol vəziyyəti yarada bildilər. Vəssalam. Halbuki bir çoxları çexlərin qapımızdan ən azı 2-3 top keçirəcəyini, təkqapı oynayacağını düşünürdü. Amma yəqin ki, onlar millimizdən belə cəsarətli və ağıllı futbol gözləmirdi. Futbolçularımız müdafiədə təhlükəni sovuşdurmaq üçün topu necə gəldi uzaqlaşdırmırdı. Soyuqqanlı çıxış edən oyunçularımız təktoxunuşlu ötürmələrlə müdafiədən hücuma çıxmağa çalışırdı. Bu da bir çox hallarda uğurlu alınırdı. İkinci hissənin böyük əksəriyyətini yığmamızın hesabına yazmaq lazımdı. Uzun müddət çexlər qapımız qarşısında təhlükəli vəziyyət yarada bilmədi. Yalnız son 10-15 dəqiqədə geriyə oturduq ki, bu zaman əl-qolları açıldı. Amma həm Kamranın uğurlu oyunu, həm də müəyyən qədər idman xoşbəxtliyimizin tərəfimizdə olması Çexiya səfərindən çox dəyərli 1 xalla qayıtmağımıza imkan verdi.
 
Niyə də yox?!
 
 
İlk 3 turdan sonra hesabımızda 7 xal var. Bu, yuxumuza belə girməzdi. Amma bu, indi gerçəklikdir. Eyforiyaya qapılmaq olmaz. Ümid edək ki, Almaniya digər rəqiblərimizlə bütün oyunlarda qələbə qazanacaq. Bu məqam bizim işimizə yaraya bilər. Prosineçki indidən Şimali İrlandiyanı ciddi şəkildə təhlil etməlidir. Britaniyalıların zəif və güclü tərəflərini yaxşıca mənimsəməlidir. İki tsikl əvvəl Belfastdan bir xalla qayıtmışdıq. Bəs indi niyə qayıtmayaq? Bu səfərdən də başıuca qayıtsaq, artıq qrupu ikinci pillədə başa vurmaq şanslarımız 55-60 faizə çatacaq. Niyə də olmasın? 2017-ci ilə çox böyük ümidlərlə çıxmaq üçün... irəli, Azərbaycan!
 
Hacı MƏRDAN




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz