Qələbə Prosineçkinin xətalarını örtdü

DÇ-2018-in seçmə mərhələsinə San Marino qələbəsiylə başlayan yığma 2-ci oyunda Norveçi qəbul etdi. Millimiz ötən tsikldə “vikinqlər”lə eyni qrupda yer almışdı. Bakıda rəqibə minimal hesabla uduzan komandamız Robert Prosineçkinin rəhbərliyi altından Oslodan 1 xalla qayıtmışdı. Bu dəfə doğma meydanda azarkeşlər qələbə gözləyirdi.

Start heyəti düzgün qurulmamışdı

Xorvatiyalı mütəxəssisin start “11-liy”i sürpriz oldu. Prosineçki Eddi İsrafilova start heyətində şans vermişdi. Bunu müəyyən qədər başa düşmək olardı. Məqsəd ucaboy norveçlilərin hava toplarını zərərsizləşdirmək idi. Ancaq “ikinci mərtəbə”də əla oynayan rəqiblə matçda Maksim Medvedevin müdafiənin mərkəzində sınanması olduqca riskli addım idi. Axı “Qarabağ”ın futbolçusunun əsl mövqeyi müdafiənin sağ cinahıdır. Medvedev yalnız Qazaxıstanla yoldaşlıq oyununda stopper kimi çıxış etmişdi. Bədavi Hüseynov zədəli idisə, niyə son dəqiqələrdə meydana çıxdı? Demək ki, Hüseynov elə startdan oynaya bilərdi. Ən pis halda, Ruslan Abışov Rəşad Sadıqovun yanında yer ala bilərdi. Həm boyuna, həm də hava toplarına daha hakim olduğuna görə “İnter”in futbolçusunun kapitanla çiyin-çiyinə oynaması daha məntiqli olmazdımı? “Qarabağ”da gününü ehtiyat oyunçular skamyasında keçirən Arif Daşdəmirovun da meydana çıxması absurd idi. Dağıstanlı futbolçunun bəxti onda gətirdi ki, rəqib hücumları əks cinahdan – soldan qururdu. Məhəmməd Mirzəbəyovun cinahını su yolu etmişdilər. Dmitri Nazarovun cinahda qərarlaşdırılması da yanlış addım idi. Birincisi, cinahda adətən sürətli futbolçu yer alır. Nazarov isə sürətiylə seçilən futbolçulardan deyil. İkincisi, Dima yarımmüdafiənin mərkəzində özünü suda balıq kimi hiss edir. Bir növ pleymeyker kimi oynamağa alışıb. Məhz Prosineçkinin onu alışmadığı mövqedə oynatması nəticəsində yığma formada ən zəif oyunlarından birini keçirdi. Xüsusən ilk hissədə demək olar ki, nəzərə çarpmadı.

Norveç üçün sürpriz qol

Gözlənildiyi kimi, ilk dəqiqələrdən qonaqlar ərazi üstünlüyünə yiyələndi. Yığmamız şansını əks-hücumlarda dəyərləndirmək niyyətində idi. Bu mənada Ağabala Ramazanovun sürəti və texnikası çox işə yarayırdı. Ancaq bir neçə epizodda müdafiədən hücuma çıxmaqda çətinlik çəkirdik. Bu səbəbdən öndəki futbolçular dəstək ala bilmir, nəticədə təhlükəli ola biləcək hücumlar erkən boğulurdu. Qol göydəndüşmə oldu. Standart vəziyyətdən maksimum yararlandıq. Ramazanovun qapı qarşısına ötürməsini Medvedev bir toxunuşla qapıdan keçirdi. Bu, Maksimin milli formada ilk qolu oldu. Qonaqlar buna hazır deyildi. İrəli atılsalar da, bir inamsızlıq, təlaş hiss olunurdu. Düzdür, demək olar ki, bütün asmalardan qalib ayrılırdılar. Ancaq heç cür Kamran Ağayevi məyus etmək mümkün olmurdu. Yeri gəlmişkən, “1 nömrə” oyunun ən yaxşılarından idi. Onun inamlı çıxışı “Boavişta”lıları da sevindirməmiş olmaz. İlk hissənin sonlarını nəfəsimizi tutaraq izlədik. Az qala hər kornerdə ürəyimiz ağzımıza gəlirdi. Hətta bir epizodda top tirdən döndü.

Əvəzetmələr yanlış olsa da...

Fasilədən dərhal sonra norveçlilər irəli atıldı. Yenə bir neçə dəfə bizə həyəcan yaşada bildilər. Ancaq Prosineçkinin əvəzetmələrindən sonra təzyiqləri bir xeyli azaldı. Xorvatın İsrafilovu meydandan çıxarması və Nazarovu mərkəzə çəkməsi doğru addım idi. Ancaq baş məşqçi oyun praktikası olmayan Namiq Ələsgərovu yox, Araz Abdullayevi döyüşə atmalıydı. Ələsgərov demək olar ki, heç nəylə yadda qalmadı. 80-ci dəqiqədə isə Ruslan Qurbanovun yerinə hələ də “Trabzonspor” formasıyla superliqada debüt edə bilməyən Ramil Şeydayev yox, Rauf Əliyev qazona ayaq basmalıydı. Şeydayevin təcrübəsizliyi, hələ “bişmədiyi” dərhal sezilirdi. Məsələn, son dəqiqələrdə əlverişli vəziyyəti boşa verdi. Halbuki bu epizoddan Əliyev fərqlənə bilərdi. Üstəlik, Rauf elə hücumlardandır ki, daim rəqib müdafiəsini təzyiqdə saxlayır. Başla da gözəl oynayır. Şeydayev demək olar ki, bütün hava mübarizələrini uduzdu. Soruşa bilərsiniz ki, əvəzetmələr yanlış idisə, bəs niyə qalib gəldik? Birincisi, etiraf etmək lazımdır ki, bəxt üzümüzə güldü. Oyunboyu qoldan başqa rəqib “çərçivə”sinə zərbə vurmadıq. Norveç topa sahib olmada aşkar üstün idi. Üstəlik, ilk hissədə tir dadımıza çatdısa, oyuna əlavə olunmuş ilk dəqiqədə rəqib futbolçu 2 metrdən qapını başla dəqiq nişan ala bilmədi. Halbuki ona heç kim mane olmurdu. İstənilən halda, qələbə qələbədir. Qalibi isə asıb-kəsməyə dəyməz. Amma heyətlə bağlı riskli addımlar hər zaman effekt vermir. Prosineçki Çexiya önünə də formada olmayan futbolçularla çıxsa, o zaman 1 xala belə ümid etməyə dəyməz.

HACI Mərdan





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi AZAL Zirə Kəpəz