Qara gecənin təhlili

Düz bir il əvvəl olduğu kimi, yenə klublarımız Avroliqanın qrup mərhələsində eyni gündə “Böyük Beşlik” ölkələrinin komandalarıyla üz-üzə gəldi. Və bir il əvvəl olduğu kimi, yenə məğlubiyyət qaçılmaz oldu. Bir daha gördük ki, çempionatımız güclənmədiyi təqdirdə bu səviyyədə rəqiblərlə mübarizə aparmaq çox çətin məsələdir. Bəs necə oldu ki, “Qəbələ” və “Qarabağ” cümə axşamı məğlub oldu?

Əvəzetmədən əvəzetməyə fərq var

“Qəbələ” buna qədər cari mövsüm evdə keçirdiyi bütün oyunlarda qalib gəlmişdi. Hətta “Lill” və “Maribor” kimi tanınmış klublar da Bakıdan boynubükük dönmüşdü. Düşünmək olardı ki, “Maynts-05” də eyni aqibəti yaşayacaq. Amma bu dəfə seriya qırıldı. Hərçənd bunda “qırmızı-qaralar”ın 2 əsas heyət üzvünün yoxluğunun da rolu oldu. Sentyabrın 29-da Teo Uiks və Nika Kvekveskiri “Bakcell Arena”nın qazonuna ayaq bassaydı, almanların işi heç də asan olmayacaqdı. Məhz onlar olmadığı üçün “Qəbələ” ərazi üstünlüyünü qonaqlara vermək məcburiyyətində qalmışdı. Tərslikdən Vitali Vernidubla Rəşad Sadiqov da yarımmüdafiənin mərkəzində ümidləri doğrultdu. Ancaq komandada ən bərbad futbolçu Rafael Santos idi. Görünür, artıq “sambaçı”nın istismar müddəti başa çatıb. “Anderlext”lə oyunda avtoqol müəllifi olan Rafa bu dəfə ilk 2 qolda cərimə meydançası daxilində bağlamalı olduğu rəqibinin qarşısını ala bilmədi. Gözlənildiyi kimi, “Maynts-05” daha çox cinahlardan hücumlar qururdu. Almaniya klubunun döyünən ürəyi heç şübhəsiz, Yunus Mallı idi. Türkiyə yığmasının üzvü komandasının demək olar ki, bütün hücumlarında yaxından iştirak edirdi. Texnikasıyla seçilən Mallının qarşısını almaq “Qəbələ”nin futbolçuları üçün müşkülə çevrilmişdi. İlk hissəni geridə bitirən təmsilçimiz 2-ci hissənin əvvəllərində ayıldı. Bu yerdə onu qeyd edək ki, Filip Ozobiçlə Baqali Dabo çox fəal idi. Rəqibə ən çox başağrı verən də onlar idi. “Qəbələ”nin vurduğu 2 qolda da bu futbolçuların böyük rolu oldu. Əvvəlcə xorvatiyalı yarımmüdafiəçinin pressinqi fonunda rəqibin qapıçısı penalti etmək məcburiyyətində qaldı. Ruslan Qurbanov qırmızı-qara formada ilk avrokubok qoluna imza atdı. Bir neçə dəqiqə sonra isə Dabonun ötürməsindən sonra Sergey Zenyov uzaq küncü dəqiq nişan aldı. Ancaq hesabda önə çıxdıqdan sonra Roman Qriqorçuk futbolçularını geri çəkmədi. Ən azı 2:2-dən sonra bu addımı atmaq lazım idi. Çünki aşkar görünürdü ki, “Qəbələ”nin futbolçuları yorulub. Rəşad Sadiqovla Vitali Vernidub daha erkən əvəzlənməliydi. Bu yerdə “Maynts-05”in baş məşqçisi Martin Şmidtin də haqqını vermək lazımdı. Məhz onun meydana buraxdığı futbolçular komandalarına qələbə qazandırdı. Ukraynalı mütəxəssisin sonradan şans verdiyi Asif Məmmədov və Petar Franyiç isə komandaya güc qata bilmədi. Məğlubiyyətə baxmayaraq ruhdan düşməyə dəyməz. Çünki növbəti turdan etibarən Uiks və Kvekveskiri sıraya dönəcək. Hazırki “Qəbələ” bu qrupda ən azı 4-5 xal toplaya bilər.

Üz qızardan “qırmızı”

“Qəbələ” üzümüzü güldürməsə də, meydanda sərgilədiyi futbol, mübarizəsi azarkeşlər üçün təsəlli rolunu oynamışdı. Ümid edirdik ki, ən azı “Qarabağ” da adına layiq çıxışı Florensiyada nümayiş etdirəcək. Əslində ilk 20 dəqiqədə gözləntilərimiz doğruldu. Hətta ağdamlılar o qədər parlaq oyun sərgiləyirdi ki, italyanlar şoka düşmüşdü. Təəssüf ki, həmin dəqiqələrdə “Qarabağ” əlinə düşən fürsətlərdən yararlana bilmədi. Tədricən şokdan ayılan və rəqibin boş komanda olmadığını dərk edən “Fiorentina” işi ciddiyə almağa başladı. Kuma Babakarın ön xətdə fəallığı diqqət çəkirdi. Qurban Qurbanovun Qara Qarayevin yerinə oynatdığı Rahid Əmirquliyevin ümidləri doğrultduğunu söyləmək olmaz. Çünki müdafiəyə lazımınca dəstək verə bilmədi. Yarım saatın tamamında oyunun qırılma anı baş verdi. Əvvəlcə Riçard Almeyda topu geri ötürmək istəyərkən səhvə yol verdi. Bu topu ələ keçirən “Fiorentina” sürətli əks-hücuma çıxdı. Nə Rəşad Sadıqov rəqibin qarşısını ala bildi, nə də Elvin Yunuszadə. Sonuncu son ümid foluna gedərək əllə oynadı. Əlbəttə, indi hamı onun üzərinə düşüb ki, kaş imkan verəydi, rəqib qol vuraydı. Amma “Qarabağ” meydanda azlıqda qalmazdı. Birincisi, ani vəziyyətdə futbolçunun düzgün qərar verməsi asan məsələ deyil. Hələ-hələ söhbət Azərbaycan futbolçusundan gedirsə. İkincisi, bəlkə də yerə yıxılarkən əllə oynayan Yunuszadə bu epizodun hakimin gözündən yayınacağını düşünübmüş. Amma bir şey faktdı ki, bundan sonra “Qarabağ”ın müdafiəsi pərən-pərən oldu. İnsafən, “Fiorentina”nın futbolçularının ustalıq səviyyəsini və bir-birləriylə gözəl anlaşdıqlarını vurğulamaq lazımdır. Artıq ilk 2 qoldan sonra ağdamlılar ruhdan düşmüşdü. Heç vaxt rəqiblərinə asan təslim olmayan Qurban Qurbanovun komandası sanki düşdüyü şokdan ayıla bilmirdi. Nəticədə müdafiədə səhvlər sıralanırdı. Qurbanov məcbur olub, ikinci hissədə tam bərpa olmayan Bədavi Hüseynovu meydana buraxdı. Amma o da “Qarabağ”ı darmadağından xilas edə bilmədi. 4-cü qol sırf İbrahim Şehiçin səhvindən sonra qeydə alındısa, 5-ci qol Mauro Saratenin ustalıq səviyyəsindən xəbər verirdi. O, cərimə zərbəsini mükəmməl yerinə yetirdi.

Muarem Muaremin meydana daxil olmasından sonra “Qarabağ”ın hücumlarında rəngarənglik hiss olunsa da, say azlığı sözünü deyirdi. Qonaqlar tez irəli çıxmaqda problem yaşayırdı. Digər tərəfdən, hesab qətiyyən italyanları arxayınlaşdırmırdı. Oyun intizamını pozmayan “Fiorentina”nın arxa xəttində daim 5-6 futbolçu olurdu. Bu isə Reynaldonun çabalarını puça çıxarırdı. 90+2-ci dəqiqədə Dino Ndlovunun gözəl qolu cüzi də olsa, təsəlli rolunu oynadı. Ən azı Ndlovunun ayağı açıldı. Ümid edək ki, bu hücumçu bundan sonra qolları sıralayacaq. Avroliqada yaranmış fasilədən maksimum yararlanmaq və səhvlərdən nəticə çıxarmaq lazımdır. İndi PAOK-u yaxşı “oxuyub”, qarşıdakı oyuna maksimum dərəcədə köklənmək vacibdir.

Hacı Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right