Xarabalıqdan həzz alan Şahin Diniyev - Və ya Gəncədən gətirdiyimiz “amma” yükü

Azəbaycan Premyer Liqasının VI turunda "Kəpəz" "Qarabağ"ı qəbul ediridi. Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə Gəncəyə ezam olunan jurnalistlər arasında bəndəniz də vardı. Bizi Nizaminin diyarına aparan avtobuz 08:15- də AFFA-nın inzibati binasının qarşısından yola düşdü.Az getdik, çox getdik, dər-təpə düz getdik, gəlib çatdıq Gəncəyə.

Çatdıq  ey, amma...

Şəhərin girişində avtobusumuzu Post Patrul Xidmətinin əməkdaşları saxladılar. Onlar tranzit nömrələrlə avtomobillərin  şəhərə girişinin qadağan olduğunu bildirdilər. Polislə jurnalistlərin söhbəti zamanı bəlli oldu ki, belə göstərişi şəhər icra hakimiyyətinin başçısı verib. Səbəbi isə bəlli deyil. Biz də az aşın duzu deyilik axı. İcra başçısının qadağasını pozdura bilməyəcəyiksə, bu qələmi niyə gəzdiririk ki? Jurnalistlərin polislərlə danışıqlarından sonra avtobusumuzun Gəncəyə gedən “halal yolla” hərəkətinə icazə verildi. Gəncənin icra başçısı buna görə polislərin cəzalandırlmasına göstəriş verməsə yaxşıdı. Azərbaycanda icra başçılarının hansı düşüncəyə sahib olduğuna bələdik axı. Polislər icra başçısının qəzəbinə tuş gəlsələr, onları müdafiə edəcəyimizə söz veirirk. Bax, xəbərdarlıq etdik ha…

Yerimizi  dar edən…

Nəhayət ki, gəlib çatdıq oyunun keçriləcəyi Gəncə şəhər stadionuna. Yerli komandanın əməkdaşları medianın fəaliyyəti üçün bacardığı şəraiti yaratmağa çalışmışdılar. Jurnalistlər üçün ayrılmış sektorda internet də normal şəkildə işləyirdi ki, buna şükür etməyə dəyərdi. İndi jurnalistin çörək ağacı kompyuter deyil, internetdi. İnternetsiz kompyuter nənələrimizin sandığını xatırladardı. Yazdıqlarımızı heç kim oxumadan saxlamaq üçün.  Əvvəllər Gəncəyə səfər zamanı bu imtiyazdan məhrum olurduq. Kompyutermizi Gəncəyə sandıq kimi aparıb-gətirirdik. Amma.. Görürsüz, yenə də ammasız keçinmək olmur. İnternetimiz olsa da, normal işləmək üçün şəraitimiz yox idi. Nöşün ki, jurnalistlərin əyləşdiyi sektora azarkeşlər də buraxılmışdı.

Oyun başladı ...

Oyun qarşılıqlı hücumlarla başladı. Ancaq oyunçularının fərdi bacarığına görə "Qarabağ"ın üstün olması yaradılan epizodlarda da əksini tapırdı. İlk hissədə qonaqlar 2 dəfə tiri titrətdi. Amma meydan sahibləri də əllərini yanına salmamışdılar. Bir epizodda Ebahın zərbəsi dirəkdən döndü. 54-cü dəqiqədə "Kəpəz"in əks-hücumu məhsuldar alındı. Orxan Əliyevin ara ötürməsindən sonra Arif Daşdəmirovu çaş-baş salan Dario Federiko hesabı açdı. "Qarabağ" bunun cavabını sona 15 dəqiqə qalmış verə bildi. Əfran İsmayılovun ötürməsini Reynaldo tora qovuşdurdu. Bundan sonra bəxt qonaqlardan üz döndərdi. İki dəfə dirək "Kəpəz"in dadına çatdı. Simaitisin inamlı oyununu da qeyd etmək lazımdı. Beləliklə, əlverişsiz qazona baxmayaraq, maraqlı keçən oyun "sülh"lə başa çatdı.

…gözümüzə parlaqlıq gətirən azarkeşlər

Azarkeşlərdən narazılıq etdim ey. Amma bu qarşılaşmada gözlərimizə rəng qatan da elə azarkeşlər oldu. Bakıda keçirilən oyunlarda 1000, uzaqbaşı 2000 azarkeş görən gözlərimizdə, Gəncədə 10 mindən çox fanat görəndə parlaqlıq neçə yaranmayaydı? Rəsmi statistikaya görə arenaya 14 min 238  azarkeş gəlmişdi. Onların arasında olan 300-ə yaxın “Qarabağ” fanatının da haqqını vermək lazım. Uzaq Gəncəyə səfər edib sevimli komandaya dəstək olmaq hər azarkeşin işi deyil.

Hə, onu da deyim ki, oyunu izləyənlər arasında qadağasına məhəl qoymadığımız Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev də vardı. Yaxşı ki, stadiona girişə qadağa qoymamış, ya da “stadionu bağlatdırın, futbola təkcənə baxacam” göstərişi verməmişdi. Müşahidələrimə əsasən deyə bilərəm ki, icra başçısı çılğın futbol azarkeşidi. O, yerində sakit oturmur, hətta yaxınlığında əyləşənləri də “Kəpəz”ə fəal dəstək olmağa səsləyirdi. Elmar müəllim azarkeşlərə müraciət edərək "Bura Gəncə, buradan çıxış yox" şüarını səsləndirmələrini də xahiş etdi.

Qanan adamlar üçüm ibrətamiz cavab

Bunlar hamsı gözəl mənzərə idi. Amma… Deyəcəksiz ki, yenə də amma? Neyniyək? Azərbaycanın ən köklü klublarından biri olan “Kəpəz”in bazasını görsəydiz, siz də “amma” deyərdiz. Özü də dəfələrlə. Bazanın durumunu yalnız “bura əsl xarabalıqdı” ifadəsilə xarakterizə etmək olar. Bu xarabalıq bəndənizi necə təsirləndirdisə, oyundan sonra keçirilən mətbuat konfransında “Kəpəz”in baş məqşçisi Şahin Dinyevə qarşılaşma ilı bağlı yox, xarabalıqla bağlı sual verdim. Cavab isə qanan adamlar üçün olduqca ibrətamiz idi: “Mən artıq bu mənzərədən həzz alıram”.

Şahin Diniyevin öldürücü ironiyası bazanın durumuna cavabdeh olan şəxslərə ünvanlanmışdı. Onlar stadionda idilər. Qalstuk taxmışdılar, kresloya yayxanmışdılar. Bahalı maşınlarda gəlmişdilər arenya. Oyundan sonra da yemək-içməyə gedəcəkdilər. Xeyli “şot” verəcəkdilər. Və ola bilsin ki, “Kəpəz”in də sağlığına badə qaldıracaqdılar. Daha sözüm yoxdu. Nə sözüm olacaq ey, o xarabalığı görəndən sonra? Bircə onu bilirəm ki, “Kəpəz”in belə durumda “yaşaması” təhqirdi. Gəncənin də, Azərbaycanın da futbol tarixinə. 

Hacı Mərdan

BAKI - GƏNCƏ - BAKI  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right