Qudurğanın kasıba məsləhəti

Natiq Muxtarlı email: [email protected]


Yox, bu, yağışdan sonra “pırt” edib çıxan göbələk məsələsi deyil. Onun “pırt” edəcəyi hiss olunurdu. Rövnəq Abdullayevi milliyə nəzarətdən tam təcrid edəndə məsələ bəlli idi. Sonra da “Neftçi” uğrunda mübarizədə qələbə qazandı. İndiyə qədər mətbuat qarşısına çıxmamışdı. Heç dilindən kəlbətinlə də futbolla bağlı söz qopartmaq olmazdı. Danışdı. “Neftçi”ni ələ keçirəndən sonra danışmaq mütləq vacib idi. İndi Azərbaycan futbolunda söz sahibi odu. Odusa, onun da danışmağı vacibdi. İctimai rəy formalaşdırmaq lazımdı axı: “Daha Rövnəq Abdullayev yox, mənəm söz sahibi”.

Elşad Nəsirov danışdı. Özü də palaz boyda. Uzun müddətdi pusquda duran adam qələbə qazanınca hamını ittiham etdi. Hamını deyərkən mətbuatı və azarkeşləri nəzərdə tuturam. Elşad Nəsirov “badə yoldaşı” Berti Foqtsun dalını yenə də “yağladı”. Bununla həm də Azərbaycan futbolunun başına açdığı eybəcərliyi də malalamaq istədi.

Elşad Nəsirov mətbuatı və azarkeşləri millinin biabırçı çıxışının əsas günahkarı kimi təqdim etdi. Guya mətbuat millini tərifləsəymiş, Bolqarıstana qalib gəlmək olarmış. Guya azarkeşlər Bolqarıstanın birinci qolundan sonra “istefa” qışqırıblar, millinin futbolçularının da qol-qanadı sınıb.

Bir az təzadlı yanaşmadı. Ayda 300 manat məvacib alan jurnalistin, azarkeşin “istefa” qışqırması ayda 30-40 min manat qazanan futbolçunun nəinki qol-qanadını sındırar, heç tükünü də tərpətməz. Ayda 30-40 min manat qazanan futbolçu ayda 3 milyon manat neftə bulaşmış vəsaiti “təmizləyib” cibinə dürtən adamın “istefa” qışqırmasından diksinər ancaq.

Ancaq o adam “istefa” qışqırmır, yağ çəkir. Yağ çəkdikcə də kasıb-kusuba öyüd verir, günahkar çıxardır jurnalistləri, azarkeşləri. 
El arasında belə öyüd verməyə “qudurğanın kasıba məsləhəti” deyirlər.

Komanda.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right