Bu “lipa” deyil, bəs nədi, ay AFFA, ay PFL?

Emin Tarverdiyev email: [email protected]


Azərbaycanın milyonlarını yediyi 6 il ərzində Berti müəllim Foqtsa içimdən bir təşəkkür etmək gəlir. İnanın, verdiyi bir qərar var ki, bir həftədi bu sevinci yaşayıram. Qoca alman özündə cəsarət tapıb, “kökdən düşmüş” millimizdə cavanlaşdırma siyasətinə başlayıbsa...

Millimizin “ağsaqqal”ı yenə də futbolçu balalarımızı yığıb aparıb ana yurduna. Başqaları bəlkə də düşünür ki, oranın - Almaniyanın havası yəqin ruha qida verir. Amma mən elə düşünmürəm. Ruha qida versəydi, biz də bəzi xalqların kişiləri kimi futbolumuza baxıb sevinərdik, komandamızın qələbələrindən ağızdolusu danışardıq, yazardıq. Arada millimizi bəhanə edib, xingəl qonaqlığı-falan təşkil edərdik.

Bir gun uşaq atasından soruşur: 
- Ata, təzə şey nə deməkdi?
Atası deyir: 
- Təzə şey təyyarə, vertolyot, kosmik gəmi deməkdi.
Uşaq əl çəkmir, başqa sual verir: 
- Bəs köhnə şey nə deməkdi?
Atası deyir:
- Köhnə şey tramvay, trolleybusdu və bir də sənin anan.

Berti müəllim bu dəfə millimizi toplayanda “köhnə şey”lərdən ikisini çağırmayıb. Biri Vaqif Cavadovdu, biri də Mahir Şükürov. Vaqif səkkiz, Mahir isə on ildi ki, millinin heyətindədi. Amma nə olsun? Geridə qalan illərdə bu adlarını çəkdiklərim futbolumuza bir xeyir verdilərsə, yəqin o illərdə mən Azərbaycanda yaşamamışam. Ancaq bildiyim odu ki, Azərbaycandan ən çox uzaq yaşadığım günlərin sayı bir həftəni ötməyib.

Milli komandamızın “ağsaqqal”ı Mahirlə Vaqifin əvəzinə “Xəzər Lənkəran”dan Ağabala Ramazanovu, “Sumqayıt”dan isə Məhəmməd Qurbanovu çağırıb. Alqışlayıram, dəstəkləyirəm və təşəkkür edirəm. Komandamızda yeni adlar peyda olur, gənclərə imkan yaradılır. Kaş ki, bir gün komandamızın da baş məşqçisinin yeniləndiyinin şahidi olsaydıq... Bir az inanclı adamam, nəzir də demişəm həmin günə. Nəzir deyəndə ki, ağlınız qoç, quzu kəsməyə getməsin. Ağaca yaş və qırmızı əski bağlamaq ritualı var bizdə, o nəzirdən demişəm. Bilirəm, hələ də çoxunuz Qurban bayramı günlərində yediyiniz quzulara görə qan təzyiqindən əziyyət çəkirsiz, nəzir də deyən kimi qoç, quzu fikirləşirsiz.

Bu arada, AFFA-nın rəsmi saytı millimizə yeni qoşulan gənclərin birini Maqomed Kurbanov kimi qeyd edib. Lap düz ediblər, amma... PFL-in və futbolçunun mənsub olduğu klubun rəsmi saytında bu gəncin adı Məhəmməd , soyadı isə Qurbanov kimi göstərilib. Yazmaq mənim boynuma, aydınlaşdırmaq sizin işinizdi. Ən azı futbolçunun ad və soyadını belə qeyri-dəqiq yazmaq onun atası Arsen müəllimə hörmətsizlikdi. Futbolumuz üçün uşaq böyüdüb ki, indi belə edirsiz? Başqa millətin nümayəndəsi olsaydı, göz yummaq olardı. Amma baxıram ki, qardaşımız “azərbaycanlıdı” və Azərbaycan milli komandasında xalqımızı təmsil edəcək. Kaş ki, hərdən qol da vurub bizi sevindirə bilsə... Onda da nəzir deyəcəm, ağaca yenə qırmızı əski bağlayacam.

İnanıram ki, hamımız kimi AFFA, PFL və “Sumqayıt” ın da məsul şəxsləri milli kinomuzun gözəl filmlərindən olan “Uşaqlığın son gecəsi”nə baxıblar. Orda Davudla Murad arasında olan dialoqu yəqin ki, xatırlayırsız. 
- Sən yaxşı oğlan deyilsən, Murad.
- Niyə, Davud?
- Sən harda işləyirsən?
- Ət kombinatında.
- Heç bir dəfə demisən ki, adə, Davud, köppəyoğlu, ala səninçün sosiska gətirmişəm. Söhbət sosiskada deyil ee, söhbət “vnimatelni” olmaqdadı.

Bəli, AFFA, PFL və “Sumqayıt”ın məsul şəxsləri, bu adı düzəltmək, düzəltdirmək və bizə qəbul etdirmək çox çətin məsələ deyil. Sadəcə, Davud demişkən, bir az “vnimatelni” olmaq lazımdı.

P.S. AFFA və PFL başqa vaxt “lipa” axtarışına çıxır. Məhəmməd Qurbanovu milliyə başqa adla, soyadla çağırmaq ondan “lipa” düzəltmək deyil, bəs nədi?

Komanda.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right