“Xəzər Lənkəran”: Lənkəran təmsilçisi, yoxsa "qaçqın komanda"?.


Amal Abuşov

Premyer-Liqaya Foqtsun könlü xoş olsun deyə 19 günlük fasilə verilib. Kef düşüb futbolçulara. 

Klublar futbolçuları istirahətə buraxıb, hərəsi bir güşədə özüyçün dincəlir. 

Oğuz Çətin də yetirmələrindən səxavətini əsirgəməyib, onlara beş gün istirahət imkanı yaradıb. 

Qoy olsun, sözüm onda deyil. 

"Ağ yaşıllar”ın yaxın gələcək üçün planlarından bəhs edən xəbərlərə diqqət yetirərkən bir məqam diqqəti cəlb edir: "Xəzər Lənkəran” oktyabrın 4-də Bakıda bir araya gələcək. Bir həftə paytaxtda hazırlıq keçməyi planlaşdıran cənublular oktyabrın 11-də Lənkərana yollanacaq.” 

Qəribədi, niyə Lənkəran təmsilçisi paytaxtda toplaşan kimi doğma şəhərə yollanmır, hazırlıqlarını orda davam etdirmir? Düşünmək olar ki, çempionatda yaranmış fasilə uzun müddətlidi, Oğuz hoca ikimərhələli hazırlıq planı tətbiq edib. Onun planına uyğun ilkin mərhələ Bakıda, sonrası isə Lənkəranda həyata keçirələcək. Amma... çoxdandı "Xəzər Lənkəran” Bakıda məskunlaşıb, komandanın avtobusu yalnız ev oyunlarından bir-iki gün əvvəl Lənkərana doğru istiqamət alır. Niyə "gəmiçilər” öz "limanlarından” qaçaq düşüblər? 

Lənkəranın Azərbaycanın ən gözəl rayonlarından biri olduğunu bilməyən yoxdu. Üstəlik, Lənkəranda klubun hər cür şəraiti olan bazası var. Həmin bazada futbolçuların yaşaması, qidalanması, istirahət etməsi üçün bütün lazımi infrastruktur yaradılıb. "Xəzər Lənkəran”ın rəqiblərini qəbul etdiyi "Fırtınalar meydanı”nda yetərincə yardımçı meydançalar var ki, Oğuz Çətin komandaya orda məşq keçsin. Klubun bazasının açılışında ölkə başçısı İlham Əliyev də şəxsən iştirak edib. Sözsüz ki, cənab prezident "Xəzər Lənkəran”ın yeni bazasının inşaasına regionların sosial inkişafına dəstək, əyalətlərlə paytaxtın arasında mövcud olan fərqin aradan qaldırılması planının tərkib hissəsi kimi yanaşıb. Bəs, bu günkü reallıq necədi? 

Klub rəhbərliyi və baş məşqçi futbolçuların nazıyla oynayır. Belə çıxır ki, onlar paytaxtın əyləncəli həyatından məhrum olacaq futbolçuların xiffətdən saralıb-solmasından qorxurlar. Hazırda "Xəzər Lənkəran” avtobusla Azərbaycanı dolaşan səyyahları xatırladır. Daim yollarda olan komanda ev oyunlarına da səfərə çıxır, paytaxtdan Lənkərana qədər uzanan cansıxıcı yol hər həftə qət olunur, rəqibini qəbul etmək üçün cənuba yollanan komanda oyundan dərhal sonra paytaxta qayıdır. 

Özünüz hesablayın, belə "gəzintilər” nə qədər vaxt, enerji və pul itkisidi?! Üstəlik, Bakıda otellərin və məşq meydançalarının kirayəsinə bir ətək pul xərclənir. Yalan olmasın, həmin pula Lənkəranın hər məhləsində bir meydança tikib, azyaşlılara top və forma paylamaq olar. Klub rəhbərliyinin diqqət ayırmadığı uşaqlar beləcə öz aralarında futbol oynaya-oynaya inkişaf edib, ölkədəki yerli futbolçu qıtlığını aradan qaldırarlar. 

Uzun müddət Lənkəranda çalışmış Ağacəlim Mircavadov bu yaxınlarda verdiyi müsahibələrinin birində keçmişi xatırlayarkən "vaxt var idi "Xəzər Lənkəran”ın məşqinə minlərlə azarkeş gəlir, futbolçuları ruhlandırardı” demişdi. Elə Rednikin zamanında da vəziyyət eyni cür idi. "Ağ-yaşıllar”ın Lənkərandakı hər məşqi izdihama çevrilir, rəqib komandalar idman mətbuatını bəzəyən görüntülərə baxıb, cənub səfərinə ağır psixoloji basqı altında yollanırdılar. İndi isə azarkeşlər öz sevimli komandalarından qəsdən soyudulub. 

Təsadüfi deyil ki, xeyli vaxtdı "Fırtınalar meydanı”nın tribunaları tam dolmur, əvvəlki qələbəlikdən əsər-əlamət yoxdu. Klub rəhbərliyinin bu vacib məqama diqqət yetirməsi lazımdı. Özündən razı əcnəbilər, qazandığı paralara dəyməyən yerlilər hansı kluba gəldiklərinin fərqində olmalıdılar. "Xəzər Lənkəran”la müqavilə bağlayan futbolçunun borcudu ki, Lənkəranda yaşasın, yerli şəraitə uyğunlaşsın. İstəməyəni yola salın, getsin ürəyi istəyən yerdə top diyirlətsin. Əminəm ki, dünyanın dörd bir yanında, elə Azərbaycanın özündə də sizin verdiyiniz yüzminlərin qarşılığında Lənkəranda yaşayıb, meydanda can qoymağa canla-başla razı olacaq yetərincə futbolçu var. Yetər ki, özünüzə əziyyət verib, seleksiya işini düzgün qurasız. 

Azərbaycan futbolunda ikinci "qaçqın komanda”nın peyda olması heç kimə lazım deyil.

Sport7.Az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right