“İnter” və “Neftçi”nin “nazlı” futbolçuları - Və ya “MİX Zona” oyunu

Azərbaycan Premyer Liqasının 27-ci turunda "İnter"ə qalib gələn "Neftçi"nin futbolçularının yenə mətbuatla ünsiyyətdən boyun qaçırmaları ilə bağlı məlumat vermişdik.

Məsələ ilə bağlı “Neftçi”nin mətəbuat xidmətinin rəhbəri Mehman Rəsulov saytımıza problemin mənbəyinin ev sahibi komandada olduğunu bildirdi. Rəsulovun sözlərindən belə aydın oldu ki, həmin  matçda “İnter” “MİX Zona”nın təşkilində problemlər yaşayıb.

Newsport.az saytında dərc olunan bu məlumatdan sonra “İnter” rəsmilərinin də cavabı gecikmədi. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovu dinləyək: "Qonaq komanda üçün “Mix Zona” “İnter” Arenanın girişində, ev sahibi üçün isə stadionun küncündədir. Dünənki oyundan sonra müsahibə almaq istəyən jurnalistlər “Neftçi” futbolçularının da bizim “MİX Zona”ya gəlməsini xahiş etdilər. Mən “rəqib komandanın futbolçularından müsahibəni çöldə ala bilərsiniz” dedim. Amma jurnalistlər havanın soyuq olduğunu bildirərək, bir yerdə təşkil olunmasını istədilər. Daha sonra mən baş məşqçimiz Zaur Svanadze ilə mətbuat konfransına getdim. Qonaq komandanın futbolçularının gəlib-gəlmədiyindən xəbərim yoxdur.”

Düzdü, Səbuhi Məmmədovun sonrasından xəbəri yoxdur. Biz sizə hadisəni olduğu kimi danışaq. Hər şey “İnter” rəsmisinin dediyi kimi oldu. “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovun dedikləri də doğrudur.

Amma... Rəsulov dünənki oyundan sonra gözə dəymirdi. Bütün hadisələrin mrəkəzində Rüstəm Fətəliyev idi. Klub işçisi jurnalistlərə nəzakətlə “hansı futbolçunu istəyirsiniz gətirək” dedi. Dedi deməyinə. Amma heç bir “ağ-qara” zolaqlı forma geyinən “nərmənazik” uşağı “MİX Zona”ya gətirməyi bacarmadı. Əcnəbiləri - ingilis dili bilənləri nazlandı, bilməyənlərin də tərcüməçisi olmadığı bəhanə gətirildi. Yerli futbolçulardan isə həmişəki kimi hamsı mediadan qaçdı. Kimi danışmaq istəmədi, kimi söz verib yoxa çıxdı.

İki saat stadionda oyun izləyib, oyundan sonra futbolçuların fikirlərini öyrənmək istəyən media mənsubları isə ancaq mətbuat konfransında danışan Vəli Qasımovun fikirləri ilə kifayətlənməli oldu. Səbuhi Məmmədov da dediklərində yalan yoxdur. Düzdür, dünyada bəlkədə analoqu olmayan “MİX Zona” təşkil edilmişdi “İnter Arena”da (təşkil edilmişdi deyəndə ki, sadəcə, yer müəyyən edilmişdi). Biri stadionun çölündə soyuq havada rəqib komanda üçün, digəri staionun içərisində küncdə. İstənilən halda bu həm jurnalistlərə, həm də futbolçulara hörmətsizlikdir.

İki saat soyuqda oyun izləyən jurnalist və oyundan sonra hamamdan çıxan futbolçu soyuqda danışmalı idi . “İncəsənət qurban tələb edir” deyiblər. Biz də bu deyimdən ilhamlanıb, peşəmizə olan hörmətdən dolayı gözlədik “İnter”in stadionu başıaşağı tərk edən futbolçularını. Nə az, nə çox, düz 45 dəqiqə. Amma hakimlərin otağına etiraz etməyə gələn Kamran Ağayevdən başqa heç kim “İnter”in “MİX Zona”sına gəlmədi. Kamran Ağayevin gəlişi də təsadüfən alındı. Çünki hakimlərin otağında olarkən həmkarlarımızdan birinin əlcək sahibinin fotosunu çəkdiyini görüb diqqət yayındırmaq üçün gəldi. Yox, haqqı itirmək olmaz. Media nümayəndələrinin hörmətsizliyə qarşı etirazından sonra klub rəsmilərindən biri Denis Silvanı müsahibəyə gətirdi. Onun gəlişində də Denisin həyat yoldaşı əsas rol oynadı desəm, bəlkədə gülməli alınacaq.

Necə? Klub rəsmisindən soyunub-geyinmə otağında kimin qaldığını soruşduq. “Heç kim” cavabı bizi sözün həqiqi mənasında məyus etdi. Axı bu həqiqətən hörmətsizlik idi. Amma Denis Silvanın həyat yoldaşının onu gözlədiyini bildirdikdən sonra, bir daha otağa baxmaq üçün klub rəsmisi içəri keçdi və az sonra Denislə gəldi. Denis müsahibə də verdi. Müsahibə zamanı isə bizim kimi uzun zaman gözləyən futbolçunun xanımı Luana Rinaldinin simasını isə sadəcə görmək lazım idi. Xanım haqlı idi. Axı bir insanı saatlarla gözlətmək hörmətsizlikdir. Yenə Luana sonda gözlədiyini tapdı. Biz isə “İnter Arena”nın digər qapısından qaçan futbolçulardan heç kimi görmədən işimizin başına qayıtdıq.

Hacı MƏRDAN





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right