Arda ilə Arazın 2 hərflik yaxınlığı və fərqi YAZI

Azərbaycan yığmasının Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanla keçirdiyi yoldaşlıq görüşünü izləmək üçün səfərə çıxan jurnalistlər arasında mən də vardım. Səfərdə üzləşdiyimiz bir xüsusi məqam var ki, onu mütləq qeyd etməliyəm. Hərçənd, yazını oxuduqca bu kimi qeydləri "dejavü" də hesab edənlərin az olmayacağına əminəm...

Hadisə 1. Oyundan bir gün əvvəlki məşqi izləmək üçün yollandığımız “Gloria” otelində sürpriz qonaqlar var idi. Bir gün öncə Antalyada İsveçlə yoldaşlıq görüşü keçirən Türkiyə millisinin əsas heyət üzvlərindən bir neçəsi fitnes salonunda məşq etmək üçün buraya gəlmişdilər. Müsahibə almaq, şəkil çəkmək istəyimizə federasiya nümayəndələri və otelin təhlükəsizlik işçiləri imkan vermir, bunu da onunla izah edirdilər ki, futbolçuların orda olmalarını heç kimin bilinməsini istəmirlər. Ancaq məşqdən sonr avtobusa hamıdan axırda gedən Arda Turan güvənliyin bütün qadağalarına baxmayaraq bizə yaxınlaşdı və müsahibə üçün vaxtının olmadığı üçün üzrxahlıq etsə də, hamımızla şəkil çəkdirərək bizdən ayrıldı. Bu zaman kapitan oteldə qalan bir neçə turistin də onunla şəkil çəkdirmək istədiyini, sanki, hiss etdi və yaxınlaşıb onlarla da bir-bir şəkil çəkdirdi.

Hadisə 2. Yığmamızın həmin günkü məşqindən sonra Araz Abdullayevə yaxınlaşıb müsahibə almaq istədiyimi bildirdim. Razılaşdı, ancaq müsahibə verməyə söz verən futbolçu bir qədər sonra göz qırpımında meydançanın əks tərəfindən aradan çıxdı.

Həmkarlarımın çağırışına isə əl işarəsi ilə cavab verdi. Bunu görən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu onu geri çağırıb müsahibə verməsini istədi. Araz isə “danışmaq istəmirəm, başqa səbəb var, oyundan sonra danışarıq” - deyib "əkildi".

Fikirləşmədi ki, Bakıdan Antalyaya 2 təyyarə dəyişərək gələn bizlərin məqsədi bu ərköyün balanın nazını çəkmək yox, oyundan əvvəl və sonra olanları oxuculara çatdırmaqdır. Təbii ki, matçdan sonra heç kim ona yaxınlaşmadı. Çünki özünə hörmət edən kəs Arazın hörmətsizliyinə göz yuma bilməzdi.

Nəticə. Bəlkə də bu iki hadisənin qəhrəmanı ilə "qəhrəman"ının adlarını dəyişsək, ortya çıxan nəticə normal qarşılana bilərdi. Gəl ki, dünya nəhəngi "Barselona"da oynayan, nazının çəkilməsini istəyə biləcək Arda və onun adına iki hərf yaxın, sanından isə minlərlə kilometr uzaq olan Araz tipi əks qütblərdə tipik azərbaycanlı düşüncəsini darmadağın etmişdi... Araz o hərəkəti edəndə bir anlıq bu mövsümün 2-ci turunda “İnter”lə "Neftçi"nin oyununu xatırladım. Siz də xatırlayırsınızmı "Neftçi"nin məğlub kapitanının azarkeşlərə qarşı etdiyi qeyri-etik hərəkəti və o vaxt komandanın baş məşqçisi olan Samir Əliyev bəraət qazandıran “...sizə də o cür söyüş söysəydilər, Arazın etdiyindən artığını edərdiniz” sözlərini? Görəsən, Antalyada Arazın o zərif qəlbini bizlərdən kim qırmışdı?

... Araza biri izah eləsin ki, sənin bu gün Biləcəridən o tərəfə tanınmamağının səbəblərindən biri də təkəbbürlü olmağındır. İzah eləsin ki, sən Azərbaycanın ən köklü klubunun və dünyanın ən gözəl bayrağının rənglərini daşıyan formanı geyinirsən. Geyinirsən geyinməyinə, amma biz o libasların içində həm də insan görmək istəyirik. Özünü və üzünü bizdən o yana tutmayan insan...

Necə deyirdi Mövlanə?

Neçə-neçə insan gördüm əynində libası yox,

Neçə-neçə libas gördüm, içində insan yox...

Sonda bu səfəri təşkil etdiyinə görə AFFA rəhbərliyinə təşəkkür bildirirək, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun Türkiyədə olduğumuz müddətdə rahat çalışmağımız üçün əlindən gələni etdiyini və hər xırda problemimizlə maraqlandığını qeyd etməyi özümə borc bilirəm.

Hacı Mərdan





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz