Kiçik Qafqaz zirvəsində böyük 90 dəqiqə

Əgər hansısa bir hadisə üçün 20 min  adam toplaşırsa, onu tarixin tərkib hissəsi saya bilərik. “Kəpəz” – “Qarabağ” oyunu kimi...

Bəli, futbolumuzun bu cür oyunlara, bu cür həyəcana, bu cür azarkeşə ehtiyacı var... 

Hakim səhvlərini, nəticəni, ümumi hadisələri bir kənara qoyub, start fitindən öncə Gəncədəki atmosferi ayaq üstə alqışlamaq lazımdır, mənə görə...

20 min 400 nəfəri özündə birləşdirən məqam futbolun, daha doğrusu tarixin cığırlarında itməyən iki  komandanın cazibə qüvvəsi idi...

Bu gün kiçik Qafqaz zirvəsində hər şey vardı... Azərbaycan futbol tarixinin iki ən tanınmış məşqçisinin dueli, qardaş, ata-oğul mübarizəsi, hirs, özünüsübut, gözəl qollar... Bir sözlə, kiçik Qafqaz zirvəsində böyük 90 dəqiqə izlədik...


Qoldakı sarğının haqqı – başdakı sarğı

Baxmaqla görmək tam fərqli anlayışlardı... Baxmaqda hiss etmək anlayışı yoxdu, görməkdə isə bu, çoxdu... Bu oyun bizi həm də görməyə məcbur etdi və həyəcanı hiss etdirdi. “Kəpəz” - “Qarabağ” görüşündə hiss olunan ən böyük nəsnə məsuliyyət idi. Hər kəs bunu hiss edirdi, dırnaqlarına, qanına kimi... Rəşad Sadıqov kimi... “Qarabağ”ın kapitanı Rəşad Sadıqov, məncə, bu gün karyerasının ən vacib oyunlarından birini keçirdi. Rəşad bu gün sanki növbəti yox, ilk qolunu vurdu, oyunun sonlarına doğrusu isə onsuz da hər kəsə bəlli olan xarakterini bir daha nümayiş etdirdi. Qolundakı sarğının haqqını başından aldığı zədəyə görə tökülən qanın qarşısını alan sarğı ilə verib, meydana qayıtdı, sona qədər mübarizə apardı. 


                                             

Sübut və ismarış

Mənə görə oyunun ən yaxşısı “Kəpəz”in “Qarabağ”lısı Namiq Ələsgərovdur. Namiq bu görüşdə çox fəal təsir bağışladı və millinin də şərəfini qoruyan Maksim Medvedevi oyundan salaraq  sübut etdi ki, Premyer Liqada bəzilərinin düşündüyü kimi məşqsiz oynamaq mümkün deyil, ayaq altında qalarsan.  

Bərabərlik qolunu vuran Ələsgərov tablodakı rəqəmləri bərabərləşdirməklə yanaşı çox məsələni də bir kənara yazdı.

1. Xarakterim var, zədədən sonra qayıdıb, Azərbaycanın ən güclü komandasına qarşı oynayıb, qol vururam.

2. Şahin Diniyevin mənə güvənməkdə səhv etmədiyini sübut edirəm.

3. Qol vursam da sevinmirəm... Öz işimi görməklə yanaşı, həm də yediyim qaba tüpürmürəm...

4. Ən əsası isə “Qurban müəllim, dönməyə layiqəm!

Bir əlavə də mən edim, Namiq Ələsgərov həmin bərabərlik qolunu təkcə sağ ayağı ilə yox, bütün varlığı ilə vurdu... Ürəkdən gələn bir qol idi....


Azarkeş...

və ya futbolun birmənalı şəkildə bəzəyi... Azarkeşsiz futbol susuz balıq kimidir, çırpınıb can verəcək. “Kəpəz” azarkeşini vurğulamaqla yanaşı, Bakıdan ilk paytaxtda gedib dəstək olan “Qarabağ”lılara da təşəkkür etmək lazımdır... Əgər, siz olmasaydınız, bu qədər həyəcan yaşanmayacaqdı, mövsümün rekordu qeydə alınmayacaqdı, futbolçular 90 dəqiqəni yola verəcəkdilər... Nə qədər peşəkar olsaq da, məsuliyyət olmadıqda işlər axsayır... Azarkeş olmasa, futbolçunun məsuliyyəti olmur, meydançada qaçmır, can qoymur, axsayır... Odur ki, azarkeşlərə böyük təşəkkürüm var...

Qısa zaman, məhdudiyyət və böyük iş

“Qarabağ” oturuşmuş heyətə malik, bir neçə ildir ki, eyni sistemlə yola davam edən və indiki məqamda Azərbaycanın 1 nömrəli komandasıdır... 
Əlavə şərhsiz, sözsüz...

“Kəpəz”in isə böyük tarixi var, şərhsiz, sözsüz... Lakin dağılmış xanimanı bərpa etmək hər adamın işi deyil... Mənə görə Şahin Diniyev qısa zaman ərzində böyük işlər gördü. Bu gün  20000 min azarkeş “Kəpəz”in oynadığı futboldan utanmır...

Hər iki klubumuzu qrup mərhələsində görmək arzusu ilə

Elgiz ABBASOV

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right