“Qəbələ”nin rekord göstəricisi:Ramin Quliyev ilkə imza atmaq yolunda inamla irəliləyir

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedicilərin heyətlərinin çempionatında “Qəbələ”nin liderliyi, inamlı çıxışı diqqət çəkir. Heç-heçə etməyən Ramin Quliyevin yetirmələri keçirdiyi 15 oyundan 11-də qalib gəlib. Ən yaxın izləyicisi “Neftçi”ni 6 xal qabaqlayan “qırmızı-qaralar” belə gedişlə qış çempionu olacaq.

Qış çempionluğunu növbəti turda rəsmiləşdirmək şansı “Qəbələ”nin növbəti turda rəqibi elə “Neftçi” olacaq. Dekabrın 12-də Qəbələdə keçiriləcək matçda meydan sahibləri qalib gələrsə, “ağ-qaralar”la xal fərqini 9-a artıracaq. Bu isə Ramin Quliyevin baş məşqçisi olduğu komandanın qış fasiləsində lider kimi yollanmasının sona 2 tur qalmış rəsmiləşməsi demək olacaq. 

“Qırmızı-qaralar” heç-heçə edərsə belə, buna nail olacaq. Çünki “Qəbələ” ilk dövrədə “Neftçi”yə səfərdə qalib gəldiyindən (1:0), şəxsi oyunlarda rəqibindən üstün olacaq. Bundan əlavə, Qəbələnin eyniadlı təmsilçisi qələbə sayında da “ağ-qaralar”dan da üstündür (müvafiq olaraq 11 və 8). Təbii ki, komandanın uğurlu çıxışında baş məşqçinin rolu böyükdür. Futbolçu karyerasını 2011-ci ildə, 30 yaşında elə “Qəbələ”də bitirən Ramin Quliyev məşqçilik həyatında ilk addımlarını bu klubda atıb və işi uğurlu alınıb. 

Belə ki, ötən mövsüm 17 yaşlılardan ibarət komandanı (U-17) çalışdıran Quliyev mövsümü “qızıl dubl”la başa vurub. “Qəbələ” Futbol Akademiyasında ötən mövsüm yalnız Ramin müəllimin komandası mövsümü həm çempion, həm də kubokun sahibi kimi bitirib. “Qəbələ”nin əvəzedicilərinin son 3 ildə baş məşqçisi olmuş ispaniyalı mütəxəssis Luis Araqonun gedişindən sonra bu post məhz Quliyevə etimad göstərildi. Heyətdə bir sıra dəyişiklər edən yeni baş məşqçi U-17-də birgə işlədiyi bir neçə futbolçunu hazırkı komandasına gətirdi. Nəticədə “Qəbələ”nin əvəzedici heyətdə çempionatda ən gənc komandalardan biridir. Vəziyyəti 180 dərəcə öz xeyrinə dəyişə bilmək Ramin Quliyevin yetirmələrinin nəticəsinin çəkisini artıran bir sıra məqamlar var.

Əvvəla, bu komanda ilk 5 turdan sonra 3 xalla turnir cədvəlində son pillələrdə idi. Həmin 5 oyun arasında yalnız “Kəpəz”ə evdə qalib gəlmək (3-cü turda 2:1) mümkün olmuşdu. Qalan 4 matçda isə “qırmızı-qaralar” meydanı məğlub tərk etmişdi. Ancaq buna görə ruhdan düşməyən “Qəbələ” böyük əzmkarlıq göstərdi və vəziyyəti 180 dərəcə öz xeyrinə dəyişə bildi. 6-cı turda səfərdə “Rəvan”la üzərində qazanılan 3:1 hesablı qələbəylə Ramin Quliyevin komandasının yüksəlişi başladı.

Təsadüfi deyil ki, “qırmızı-qaralar” ardıcıl 10 oyundur meydanı qalib tərk edir. Bu, nəinki cari mövsüm, ümumiyyətlə, əvəzedicilərin çempionatı üçün rekord göstərici sayılır. Sentyabrın 24-dən bu yana “Qəbələ”nin göstəridyi yüzfaizli nəticə onun aşağıdan yuxarıya inamla irəliləməsinə və sonda zirvədə qərarlaşmasına imkan verib. Əslində, “qırmızı-qaralar” uduzduqları matçlarda da yaxşı təsir bağışlamışdılar. Sadəcə, yaratdıqları çoxsaylı qol imkanlarından istifadə edə bilməmələri uğursuz nəticənin əsas səbəbi idi. Əlbəttə, 34 yaşlı yeni baş məşqçinin zamanı ehtiyacı vardı və rəhbərliyi göstərdiyi etimad tezliklə müsbət nəticəsini verdi.

Beləliklə, Ramin Quliyev ilkə imza atmaq yolunda inamla irəliləyir. Bu da çempion olmaqla bağlıdır. Axı “Qəbələ”nin əvəzediciləri indiyiədək mükafatçı (1 gümüş, 4 bürünc) olsa da, medalların əyarları arasında hələ ki qızıl yoxdur. Deməli, “Qəbələ” gənc baş məşqçisinin rəhbərliyi altında ilkə imza ata bilər və buna nail olmaq şansı çoxdur. Bombardilər yarışında da “Qəbələ” liderdir Çempionatla yanaşı, bombardilər yarışında da “Qəbələ”li liderdir. Bu, hesabında 10 qol olan hücumçu Ehtiram Şahverdiyevdir. Cari mövsümdə ən böyük hesablı qələbəni də məhz Ramin Quliyevin yetirmələri qazanıb. Bu, ilk dövrənin son turunda “Zirə”ni Qəbələdə 8:1 hesabıyla məğlub etdiyi matçdır. Yeri gəlmişkən, cari çempionatın yeganə pokeri həmin oyunda qeydə alınıb ki, bunun müəllifi məhz Ehtiramdır.

Qeyd edək ki, Ramin Quliyevə əsas komandada oynamaqla yanaşı, məşqçi də olmaq nəsib olub. Düzdür, bu, qısa müddətli idi. Belə ki, rumıniyalı Dorinel Muntyanonun ötən mövsüm istefaya göndərilməsindən sonra yeni baş məşqçi təyinatınadək ilin son 3 oyununda bu vəzifəni köməkçi məşqçi Sənan Qurbanov icra etdi. Həmin vaxt Qurbanovun köməkçilərindən biri U-17 komandasından dəvət olunan Ramin Quliyev idi. “Qəbələ” həmin vaxt 3 oyunda uduzmayaraq 5 xal topladı ki, yeganə qələbə (2:1) həmin vaxt da lider olan “Qarabağ” üzərində qazanılmışdı.

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right